Netflix serialının çəkilişləri zamanı dron partlayıb - Aktyor ağır yaralandı

Netflix serialının çəkilişləri zamanı dron partlayıb - Aktyor ağır yaralandı

Netflix-in "Agent from Heaven" serialının çəkiliş meydançasında dron partlayıb. Tayvanlı aktyor Kai Ko ağır yaralanıb.
 

Sfera.az bildirir ki, xoşagəlməz hadisə ötən il dekabrın 29-da baş verib. Bununla belə, hadisə barədə Tayvanın “United Daily News” qəzeti yalnız bu həftə məlumat verib. Məlum olub ki, dron aktyorun yaxından çəkilişini aparıb, lakin pilotsuz təyyarə Kainin düz yanında partlayıb.
 

Hadisə şahidləri bildiriblər ki, dronun qalıqları aktyorun üzərinə düşüb və o üzündən ciddi xəsarətlər alıb. Tayvanlı aktyor dərhal xəstəxanaya aparılıb. Aktyorun menecerinin sözlərinə görə, onun üzünə 30-a yaxın tikiş vurulub.


Ancaq filmin prodüserləri mətbuata şərhlərində fərqli bir versiya söyləyiblər. Onlar həqiqətən də dronla bağlı fövqəladə vəziyyət yarandığını etiraf edib. Bununla belə, onlar dronun partlamadığına, çəkiliş meydançasında bütün təhlükəsizlik qaydalarına əməl olunduğunu iddia ediblər.
 

"Çəkilişlər təhlükəsiz şəkildə aparılıb. Pilotsuz təyyarənin qanadları da qoruyucu təbəqə ilə qorunub və heç bir partlayış baş verməyib. Ko'nun başına gələnlərdən dərin təəssüf hissi keçiririk. Kai dərhal tibbi yardım alıb. İstehsalat qrupu araşdırma aparır”-deyə məlumatda bildirilir.
 

Netflix isə hələ hadisəyə münasibət bildirməyib. Kainin çəkildiyi səhnələr istisna olmaqla, serialın çəkilişləri davam edir.


Aynil
 


OXŞAR XƏBƏRLƏR