“İranda etirazlar hakimiyyət dəyişikliyinə qədər davam edəcək” - Açıqlama

“İranda etirazlar hakimiyyət dəyişikliyinə qədər davam edəcək” - Açıqlama

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, davam edən qaz böhranı İranın şimal-şərqində yeni etirazlara səbəb olub. Yanvarın 16-da Xorasan Rəzəvi vilayətinin Torbat-e Cam şəhərində yerli qubernatorluq binası qarşısına toplaşan etirazçılar küçələrdə tonqal qalayıblar.

 

Amerikalı analitiklərin fikrincə, enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər:

 

“İran rəsmiləri son günlər milli “qaz böhranı” barədə getdikcə daha çox xəbərdarlıq edirlər. Bu səbəbdən qaz istehlakını azaltmaq üçün bəzi əyalətlərdə banklar, ictimai obyektlər və universitetlər qısa müddətə bağlanılır. Baş verən etirazların əsas səbəbi qaz çatışmazlığı və siyasi təzyiqdir”.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, çox güman, aksiyaların arxasında Qərb dayanır:

 

“Böyük ehtimalla ABŞ və müttəfiqlərinin ölkədəki mövcud rejimlə bağlı konkret məqsədləri var. Əgər belə olmasaydı, aksiyalar bu cür mütəşəkkil baş tutmazdı. Rusiyadan sonra İranın Ukraynadakı “bataqlığa” salınması Qərbin İranla bağlı planlarını işə salmasına dair ehtimalları artırır. Bu mənada, çox güman, qaz böhranı da sözügedən ssenarinin tərkib hissəsidir. Digər tərəfdən Tehranla Moskva arasında artan qarşılıqlı dəstək, o cümlədən hərbi əməkdaşlıq Vaşinqtonu narahat edir. ABŞ İranın demokratik dəyərlərə zidd hərəkət etdiyini iddia edərək gələcəkdə də bu dövlətə təzyiqi artıra bilər”.

 

Müsahibimiz bildirib ki, İrandakı qaz böhranı fonunda etiraz aksiyalarının genişlənmə ehtimalı var:

 

“Yəqin ki, etirazçıların tələbləri artacaq. Mitinqlərin hakimiyyət dəyişikliyinə qədər davam etməsi mümkündür. Həmçinin qaz böhranı ilə əlaqədər İranın Rusiyadan qaz idxalını artırmağa çalışması, Tehran-Moskva əməkdaşlığının güclənməsi və Qərbin hər iki tərəfə təzyiqlərinin daha da artması mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR