Paşinyan Konstitusiya referendumu təklif edir – Sülh müqaviləsinə hazırlıq?

Paşinyan Konstitusiya referendumu təklif edir – Sülh müqaviləsinə hazırlıq?

Ermənistanın Baş naziri Nikol Paşinyan aprel ayında Konustitusiya referendumunun keçirməsini təklif edib.

Mərkəzi Seçki Komissiyası artıq referendumun təşkili ilə bağlı hazırlıq işlərinə başlayıb.

 

Maraqlıdır, həmin dəyişikliklər Azərbaycan üçün nə vəd edir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə referendumda bəzi bəndlərin ləğvinin sülh müqaviləsi ilə nəticələnə biləcəyini deyib:

 

"Hazırda Ermənistan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycanla sülh müqaviləsinin bağlanması və ölkəmizin ərazi bütövlüyünün tanınması "hüquqi" cəhətdən mümkün deyil. Yalnız baza sənədi imzalana bilər. Qüvvədə olan Konstitusiyada Ermənistanın  Azərbaycan və Türkiyəyə ərazi iddialari var, eləcə də Qarabağın bu ölkəyə birləşdirilməsi qeyd edilib. Belə olan təqdirdə sülhün əldə edilməsi hüquqi cəhətdən mümkün deyil. Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan Konustitusiyasında bu, belə deyil. Ermənistan bakını sülh müqaviləsində səmimiliyinə o zaman inandıra biləcək ki, referendumda Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bəndlər çıxarılsın”.

 

Ekspert Ermənistanın ərazi itkilərinin olması ehtimalından da danışıb:

 

“Bundan əlavə Ermənistan parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək. Paşinyan bundan sonra növbədənkənar prezident seçkilərində prezident seçilərək mövqeyinin möhkəmləndirilməsi istiqamətində islahatlar aparacaq. Ermənistan Konstitusiyasında dəyişliklərlə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılarsa, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasına gediləcək. Ermənistan konstitusiya və hərbi doktrinadakı dəyişikliklərlə Rusiyanın bu ölkədə mövqeyinin güclənməsinin qarşısını alacaq.

 

N.Paşinyanın ölkəsi daxilində islahatlar keçirməsi heç də Azərbaycana qarşı loyal münasibət ortaya qoymur. Ermənistan yeni təxribatlara əl ata bilər. Onların hazırkı hərbi hədəfi Cermux şəhərinin ətrafından Azərbaycan qoşunlarını geri atmaqdır. Buna gedərsə, Ermənistan ərazi itkilərinə məruz qalacaq. Çünki Cermux rayonunun ətrafındakı yüksəkliklər Azərbaycan ərazisidir və şərti sərhədlər bu istiqamətdən başlayır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR