Rusiya ikinci səfərbərliyə hazırlaşır? – Peskov təkzib edir, amma...

Rusiya ikinci səfərbərliyə hazırlaşır? – Peskov təkzib edir, amma...

Kremlin sözçüsü Dmitri Peskov sosial medianın rus seqmentində yayılan məlumatları təkzib edərək ikinci səfərbərliklə bağlı hər hansı qərarın verilməyəcəyini deyib. Digər tərəfdən, yanvar ayının sonunda Putinin belə bir qərar verəcəyinə dair müxtəlif ehtimallar səsləndirilir.

 

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiyada ikinci səfərbərliyin olması gözlənilir:

 

“Bunun bir sıra əsasları var. Birincisi, təqribən bir ay öncə Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının da Rusiya ərazisində hərbi xidmət keçməyə icazə verən sərəncam imzalayıb. Yayılan məlumatlara əsasən, yeni qərar qəbul edilib ki, Rusiyanın digər ölkələrlə sərhədləri  müvəqqəti olaraq bağlanır. Daha dəqiq desək,  burada əsas məqsəd 18-40 yaş arası kişilərin ölkə ərazisindən çıxmasını qadağan edən qanunun qəbul edilməsidir. Görünür, ikinci səfərbərliyə hazırlıq gedir. Sual yaranır ki, birinci səfərbərlikdə çağırılan 300 min nəfərin taleyi necə oldu? Əlbəttə, onların təqribən 100 mindən çoxunu birbaşa cəbhəyə göndərdilər  - savaşda isə itkilərin sayı getdikcə artmaqdadır. Digər bir hissəsi isə təlim düşərgələrinə göndərilərək orada hazırlaşdırılır və cəbhəyə yollanılır”.

 

Müsahibimiz qeyd edib ki, Rusiyada yanvarın sonu, fevralın əvvəlləri böyük səfərbərliyin elan olunması ilə bağlı siqnallar veriləcək:

 

“Dmitri Peskov səfərbərliklə bağlı başqa cür danışa bilməz. Bu, insanlar arasında panikaya səbəb ola bilər, yenidən xaricə qaçış başlayar. Birinci səfərbərlik zamanı təqribən 2 milyona yaxın rusun ölkə ərazisini tərk edərək Gürcüstan, Qazaxıstan kimi qonşu ölkələrə getməsi ilə əlaqəli məlumatlar var idi. Bu baxımdan ikinci səfərbərlik qərarı cəmiyyət daxilində daha böyük ajiotaj yarada bilər. Düşünürəm ki, indiki məqamda belə bir vəziyyət yaratmaq istəmirlər. Hələ ki hadisələrin gedişatını izləyirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR