Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əmtəə nişanı və veb-saytını yenilədi

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əmtəə nişanı və veb-saytını yenilədi

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, bu gündən etibarən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "baktelecom" əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.

 

Yeni loqo Morze əlifbası ilə "1881 BTC" simvollarını ehtiva edir. Loqodakı 1881 rəqəmi Azərbaycanda ilk telefon xəttinin istismara verilməsi tarixinə işarədir, "BTC" isə "baktelecom" sözünün qısaldılmış formasıdır. Məlumat üçün qeyd edək ki, Morze əlifbasından rabitə tarixində ilk ünsiyyət vasitəsi kimi istifadə olunub.

 

Eyni zamanda, BTRİB bu gündən etibarən yeni veb-saytını - www.baktelecom.az da istifadəçilərin ixtiyarına verib.

 

Müasir standartlara cavab verən yeni veb-sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaqlar.

 

Saytdakı "Mənə zəng et" funksiyası vasitəsi ilə abunəçi çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.

 

"Şəxsi kabinet" bölməsi abunəçinin istifadə və ödəmə tarixçəsini özündə əks etdirməklə mövcud borcu göstərmək imkanına da malikdir.

 

Həmçinin "Onlayn ödənişlər" bölməsində istifadəçi məsafə qət etmədən BTRİB-in təqdim etdiyi xidmətlər üzrə ödənişlərini həyata keçirə bilər.

 

"Onlayn çat" bölməsində hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır.



OXŞAR XƏBƏRLƏR