Biznes marağının QURBANLARI: Şirkətlər bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

Biznes marağının QURBANLARI: Şirkətlər bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

“Daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problem olub. Demək olar ki, bütün sığorta şirkətləri və agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil”.

 

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

 

O qeyd edib ki,  sığortaçılar əsasən, belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər:

 

“Belə avtomobilin sahibi qadındırsa, imtina etmirlər – çünki onların taksi fəaliyyəti ilə məğul olması ehtimalı azdır. Bu, kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artır.  Amma sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var. Bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir. Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və Prezidentin 2018-ci ildə təsdiq etdiyi "Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı"nın müddəalarını birbaşa olaraq pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir”.

 

Ekspert bildirib ki,  belə yanaşma ciddi sosial fəsadlar doğurur:

 

“Bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu həm də əhalinin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir.  Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. İcbari sığortasız avtomobil idarə etməyə görə, cərimə fiziki şəxs üçün 50 manat məbləğində nəzərdə tutulur. Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır. Hesab edirəm ki, bu qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR