Siyasi mühacirət biznesi
Məlumdur ki, artıq neçə illərdir AXCP və Müsavat rəhbərliyi mühacirət biznesilə məşğuldurlar. Prosedur belədir: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya siyasi mühacir kimi göndərirlər.
Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - "Azərbaycan Naminə Demokratiya”nın (AND - "Azerbaijan Needs Democracy”) təsis iclası keçirilib. İclasda mühacirətdə olan azərbaycanlı siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər. Milli Şuranın sədri Cəmil Həsənli və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da iştirakçılar arasında olublar. AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat verməyib.
Cəmil Həsənlinin iclasda iştirakına diqqət çəkən bir sıra mənbələr qeyd edirlər ki, AND Azərbaycanda mühacir biznesinin mərkəzi olacaq. Mərkəzə - mühacir biznesinə kimin rəhbərlik edəcəyinə gəlincə, qeyd olunur ki, təşkilatın yaradılması təşəbbüsü "Yurd” sədri Əli Kərimlidən gəlib. Bildirilir ki, Əli Kərimli mühacir biznesini Müsavat Partiyasından almaq üçün ciddi-cəhdlə yeni planlar üzərində işləyir, AND-in təsis olunması da bu işin əsas hissəsinə daxildir.
Əli Kərimlinin Azərbaycandan Avropa ölkələrində siyasi, həmçinin "qaçqın” statusuyla sığınacaq istəyənlərə "yardım” etdiyi barədə sənədlər var. Həmin sənədlərə əsasən, Azərbaycanın nüfuzlu turizm şirkətlərindən biriylə əməkdaşlıq edən Əli Kərimli bu biznesinin daha da genişləndirilməsi üçün AND təsis edib. Strasburqda qurulmuş bu təşkilat həmin turizm şirkəti ilə birlikdə işləyəcək. AND bu baxımdan Əli Kərimlinin mühacir biznesinin bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Saxta partiya bileti (AXCP adına) və arayışların qiymətlərinə gəlincə, aldığımız mənbənin məlumatında qeyd edilir ki, bilet üçün 350-600 manat arası dəyişən qiymətlər (bu şəxsin nüfuzuna görə dəyişir), arayış üçün isə 7000 min manat qiymət nəzərdə tutulub.
Avropaya, xüsusən də Qərbi Avropaya köçərək orada yaşamaq istəyənlərin əksəriyyəti süni surətdə təqib olunmaları ilə bağlı sənədlər və faktlar toplayırlar. Siyasi sığınacaq almaq üçün sənədlərin və faktların toplanması külli miqdarda vəsait tələb edir. Azərbaycanda tanınmayan və heç vaxt insan hüquqları ilə bağlı ciddi fəaliyyəti olmayan, həmçinin QHT-yə məqsədli şəkildə gələn (varlanmaq və Avropada yaşamaq məqsədi) bir qrup artıq formalaşıb və istifadə olunmaqdadırlar. Ən pisi də budur ki, bu qrupa daxli olanları həm də erməni lobbisi öz maraqlarına xidmət etmək üçün cəlb edə bilib. Avropada qaçqın olaraq verilən yaşama izninin ən azı 16 növü var. Avropaya gələn və burda yaşayan azərbaycanlıların çox az qismi siyasi status alıb. 90 faizin aldığı status humanitar əsasla verilir. Azərbaycan kasıb və inkişaf etməmiş ölkələr silsiləsinə daxil olduğuna görə, əksərən humanitar prinsipləri əldə əsas tutaraq oturum verirlər. Siyasi mühacir biznesinə Avropada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları da cəlb olunmuşdur. People in need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və s. təşkilatlar mühacirlərin yerləşdirilməsi, saxlanılması və digər təminatları üçün iri həcmli qrantlar alırlar.
Son dövrlərdə bəzi QHT rəhbərləri Avropada sığınacaq almaq üçün yuxarıda adları çəkilən təşkilatların xidmətlərindən yararlanırlar. Məsələn, bank hesabları müvəqqəti dondurulan QHT-lərin rəhbərlərinin əksəriyyət hissəsi ölkədədir və onları heç bir təqib gözləmir. Əksinə, onlar yeni hesablar açaraq qrantlar alırlar.
Hüseyn