"Rüsumların artması xeyrimizədi"
İqtisadiyyat
14:17 / 03.10.2016
1449
İdxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsinə və daha geniş çeşiddə məhsulların istehsal olunmasına gətirib çıxaracaq.
A.Əliyevin sözlərinə görə, Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb. Artıq hər bir istehlakçı kənd təsərrüfatı və yeyinti sayəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir. Azərbaycana dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətə girəcək, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm veriləcək.
"Bu qərarın təşəbbüskarlarından biri Dövlət Gömrük Komitəsidir. Komitə xam dəri üçün də yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsini təklif edib. Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq”, - deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.