"Ötən il manat bahalaşa bilərdi, ancaq..." – Xalid Kərimli

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2022-ci ilin sonunda 9 milyard dollara çatıb. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, il ərzində ehtiyatların həcmi 1,92 milyard dollar və ya 27 faizdən çox artıb. 


AMB-nin ehtiyatlarında mütləq mənada belə kəskin artım sonuncu dəfə 2013-cü ildə müşahidə edilib. Həmin dövrdə ehtiyatlar 2,188 milyard dollar, yəni 18,2 faiz artaraq 14,152 milyard dollara çatmışdı. 


Doqquz illik fasilədən sonra ehtiyatların bu qədər çox artması nə ilə izah edilə bilər?


İqtisadçı-ekspert Xalid Kərimli saytımıza açıqlamasında bildirdi ki, ehtiyatların çox artması ölkəmizdə dollar və digər xarici valyutada bolluğun yaranması ilə bağlıdır.

 

Onun fikrincə, AMB ötən il ərzində bazarda olan əlavə xarici valyutanı təmizləmək üçün bir neçə dəfə müdaxilə edib ki, bu da valyuta ehtiyatlarında ciddi artıma səbəb olub:

 

“2022-ci ildə Mərkəzi Bankın ehtiyatlarının böyük həcmdə artması valyuta bazarına intervensiya (xarici valyutanın alışı və ya satışı – red.) nəticəsində baş verib. Böyük həcmli intervensiya ilə əlaqədar ehtiyatların həcmi 7,075 milyard dollardan 8,996 milyard dollara qədər yüksəlib. 


Ötən il bazara çıxarılan xarici valyuta ilə alınan valyuta arasında 2 milyard dollara yaxın fərq olub. Yaranan fərqi bağlamaq üçün Mərkəzi Bank 2 milyard dollara yaxın vəsaiti alıb və bazar sterilizasiya olunub, yəni əlavə vəsaitdən təmizlənib.  


Hər il olduğu kimi 2022-ci ildə də bazara ən çox xarici valyutanı Dövlət Neft Fondu çıxarır. Fond dövlət büdcəsinə transfert edilməsi üçün hər il milyardlarla dollar dəyərində olan xarici valyutanı manata dəyişir. Neft Fondunun satdığı xarici valyutanın hamısını Azərbaycanın kommersiya bankları ala bilmədikdə yerdə qalan vəsaiti AMB alır və bununla öz ehtiyatlarını artırır.


Amma kommersiya bankları xarici valyutanı sadəcə Neft Fondundan əldə etmir. Banklar Fonddan başqa ixracatçılardan da xarici valyuta alır. Banklar özlərinə lazım olan miqdarda valyutaya sahib olduqda Fondun bütün xarici valyutasını ala bilmir. Bu vəziyyətdə AMB müdaxilə edir və bazardan əlavə xarici valyutanı alır”. 


X.Kərimli vurğuladı ki, əgər 2022-ci ildə AMB valyuta bazarına alış yönlü müdaxilə etməsəydi, o halda, manat bahalaşmalıydı. Onun sözlərinə görə, AMB bunu istəməyib:

 

“Mərkəzi Bank manatın məzənnəsinin sabit olmasında maraqlıdır. Valyuta ehtiyatlarının artması manatın məzənnəsinin sabit olması baxımından yaxşı xəbərdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ölkənin, dövlətin sərvətinin artması deməkdir. Ehtiyatların artması gələcəkdə xarici valyuta çatışmazlığı yarananda manatın məzənnəsini qorumağa imkan verəcək”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR