Maliyyə Nazirliyi daxili borclanmanı artırıb - STATİSTİKA
Azərbaycan Maliyyə Nazirliyi 2022-ci ildə Bakı Fond Birjasında (BFB) dövlət istiqrazlarını yerləşdirmək yolu ilə daxili mənbələrdən 2,407 milyard manat borc cəlb edib.
Sfera.az BFB-nin statistik məlumatlarına istinadən xəbər verir ki, ötən il yerləşdirilən istiqrazların məbləği 2021-ci illə müqayisədə xeyli çoxdur. 2021-ci ildə 1,497 milyard manat dəyərində istiqraz yerləşdirilmişdi. Müqayisə göstərir ki, ötən il daxildən istiqraz yerləşdirməklə alınan borc 910 milyon manat və ya 60,78 faiz artıb.
Azərbaycan hökuməti dövlət borclanmasında tədricən daxili mənbələr hesabına cəlb edilən vəsaitin həcmini artırır. Hökumət daxili borclanmanı artırmaqla xarici borc yükünü azaltmağı düşünür.
Xarici borclar dollar, avro və digər valyutalarla alındığından, eyni zamanda müqavilələr sabit faiz dərəcəsi ilə yanaşı dəyişkən faiz dərəcələri üzrə bağlandığından borcla bağlı öhdəliklərin yerinə yetirilməsi bəzi hallarda əlavə xərclər yaradır.
Daxili borclanma isə manatla həyata keçirildiyindən məzənnə və faizlərdəki dəyişikliyin borcla bağlı öhdəliklərə təsiri olmur.
Buna görə də son illərdə daxili borcların həcmində davamlı artım müşahidə edilir. Son 5 ildə daxili borclanmanın miqdarı 3 dəfədən çox artıb.
Vasif