Şahin Seyidzadədən “Dərviş türbəsi” haqqında paylaşım - Fotolar
"Seyid Yəhya Bakuvi türbəsi Şirvanşahlar Sarayı Kompleksinin yuxarı həyətində yerləşən və dünya əhəmiyyətli memarlıq abidələri siyahısındadır və XV əsrin II yarısına aiddir".
Sfera.az xəbər verir ki, bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib. O, sosial şəbəkə hesaında sözügedən türbə haqqında məlumat paylaşıb.
"Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilib. Bakuvi sufi olduğuna görə, türbə elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" də adlandırılır.
Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində yeganə sayılır, çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.
Türbənin divarları və tağı yaxşı yonulmuş daşdan tikilib və pəncərənin taxta çərçivəni əvəz edən şəbəkələri də daşdan yonulub.
Türbə orta həyətdə mərkəzi yer tutur. Türbə, həcmdə piramida şəkilli alaçıq kimi tamamlanıb, planda səkkizüzlü formaya malikdir. Türbənin daxili məkanı yeraltı sərdabəyə və yuxarı kameraya bölünür", - Ş.Seyidzadə vurğulayıb.