Çində MÜHÜM DƏYİŞİKLİK: “Yeni nazirin işi çətin olacaq”
Çin yeni ilə mühüm dəyişikliklə daxil olub. Ölkənin ABŞ-dakı səfiri Qin Qanq yeni xarici işlər naziri təyin edilib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Qin Qanq səfir vəzifəsində çalışarkən dünyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib, məqalələr yazıb:
“Belə məqalələrdən biri “The National Interest” dərgisində yayımlanıb. Səfir həmin məqalədə ABŞ-ı dövlətləri “demokratik” və “avtoritar” hissələrə bölməməyə çağırıb. Səfir Rusiya-Ukrayna müharibəsi haqqında isə “müharibədə qaliblər olmur” ifadəsini işlədib. Qin Qanqın bu iki yanaşması onun nazir kimi siyasətini də formalaşdıracaq. Ancaq Pekinin siyasəti ilə bağlı ondan asılı olmayan məsələlər var. “ABŞ-la Çin arasındakı fərqlərə baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq” deyən Qin Qanq qarşılıqlı əməkdaşlıqdan faydalanmağın vacib olduğunu bildirib. Qin Qanqa çətin olacaq. Pekin Tayvan adasını geri qaytarmaq istəyir, Hindistanla sərhəd problemi var, Yaponiyanın bir neçə adasına iddialıdır. Bu amillər ABŞ-ın Çinə qarşı siyasətini sərtləşdirib. Bundan başqa Vaşinqton bölgədə Çinə qarşı müttəfiq dövlətlərlə bloklar formalaşdırıb. Qin Qanq bütün bu məsələlərin həlli ilə məşğul olacaq”.
Ekspert vurğulayıb ki, Pekin bir tərəfdən müharibə istəmədiyini bəyan edir, digər tərəfdən bölgədə hərbi varlığını gücləndirməklə məşğuldur:
“Pekinin Kremllə ittifaqı gücləndirməsi də Vaşinqtonu narahat edən amillərdəndir. Rusiya və Çin liderləri bir neçə gün əvvəl telefonla danışaraq ittifaqı gücləndirmək barədə qərar veriblər. Bu baxımdan Qin Qanq Kommunist Partiyasının və ölkənin lideri Si Cinpinin xarici siyasətdə təlimatlarını yerinə yetirəcək. Qin Qanq “müharibədə qaliblər olmur” desə də, lideri Si Cinpin “Tayvan adasını Çinə birləşdirmək üçün lazım gələrsə, güc yolundan da istifadə edəcəyik” prinsipini irəli sürüb. Bu isə müharibə deməkdir”.
Türkan