Rusiyanın növbəti lideri ola bilər: Aşpazlıqdan dövlət başçısına?
Rusiyanın Ukraynaya hücumundan sonra prezident Vladimir Putinin psixi və fiziki sağlamlığı Qərb mediasının ən çox diqqət yetirdiyi məsələlər sırasında olub. Rusiya lideri hökumətdəki işini tərk etdikdən sonra onun yerinə kimin gələcəyi isə hələ də maraq obyektindədir.
Sfera.az bildirir ki, “New York Post” qəzeti son aylarda bir çox müttəfiqlərini itirmiş Putini əvəz edə biləcək şəxslə bağlı məlumat yayıb. Nəşrin fikrincə, bu şəxs Yevgeni Priqojindir. O, “Putinin aşpazı” kimi tanınır. Peşəkar həyatına iaşə şirkətində başlayan Yevgeni tezliklə Putinin yaxın çevrəsinin üzvü olub. Yemək bişirmək bir yana, Rusiyanın kiber döyüşçülərinin və onun onlayn təbliğatını aparan kütlənin arxasında yer alıb. Proqojin Ukraynada fəal muzdlu dəstə olan “Vaqner qrupu”nun rəhbəridir.
Qəzetin məlumatına görə, Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” getdikcə Rusiyanın ən təsirli döyüş qüvvəsi kimi ön plana keçir: “Beləliklə Priqojin Rusiya liderinin onları uğursuzluğa düçar etdiyinə inanan ekstremistlərin və ictimaiyyətin dəstəyini qazanır. Bu səbəbdən bəziləri Priqojinin Putindən daha çətin lider ola biləcəyindən narahatdırlar. Yenə də o, Rusiya liderinin formalaşdırdığı güc dairəsi arasında ən güclü halqa və potensial lider kimi görünür. Onun “Vaqner Qrupu” üzərindəki nəzarəti istənilən gələcək hakimiyyət mübarizəsində ona üstünlük verir”.
Qeyd edək ki, Qərb mediası gözünü Putindən sonra gələcək liderə diksə də, Kreml Rusiya liderinin səhhətinin yaxşı olduğu barədə açıqlamalar verməkdə davam edir.
Günay Rəsulqızı