2022-ci ilin mühüm iqtisadi nəticələri

2022-ci ilin mühüm iqtisadi nəticələri

2022-ci il Azərbaycanın iqtisadi həyatında maraqlı hadisələrlə yadda qalacaq. 


Geridə qalan ildə yüksək inflyasiya ilə yanaşı Azərbaycanın bütün markoiqtisadi göstəriciləri xeyli yaxşılaşdı, mühüm enerji anlaşmaları imzalandı, əhalinin real gəlirində ciddi artım baş verdi. 


Bəs 2022-ci ilin hansı mühüm iqtisadi nəticələri olub?


Sfera.az bildirir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə son 12 ilin ən güclü başlanğıcını yaşadı. Ümumi daxili məhsul (ÜDM) istehsalı yanvar-may aylarında 7,2 faiz böyüdü. Sonrakı aylarda iqtisadi böyümə sürəti zəifləsə də ümumi böyümə 5 faiz səviyyəsində qərarlaşdı. İqtisadiyyatın 5 faiz böyüməsi də yüksək göstərici hesab edilir. 


ÜDM-in böyüməsi dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb oldu. İlin 11 ayında büdcə 29 milyard manata yüksəlib ki, bu da müstəqillik illərinin ən böyük gəliri olub. 


Büdcə gəlirlərinin artması Azərbaycan hökumətinə minimum əməkhaqqının və pensiya, müavinət, təqaüdlərin artırılmasına imkan yaratdı. Yanvardan minimum maaş 250 manatdan 300 manata, minimum pensiya 200 manatdan 240 manata qədər artırıldı. 


Bunlardan başqa müavinət və təqaüdlərdə də artım baş verdi. 


Azərbaycan hökuməti ilin ikinci yarısında maaş, pensiya, müavinət və təqaüdləri yenidən artırmaq istəyirdi. Lakin yüksək inflyasiya bu artımları qeyri-mümkün etdi. 
2022-ci ildə ölkəmizdə inflyasiya səviyyəsi 13,8 faizə, ərzaq qiymətlərində artım isə 21 faizə çatmaqla qiymətlər sarıdan son illərin ən gərgin vəziyyəti yarandı.
İnflyasiya yüksək olsa da, əhalinin gəlirlərində artım daha böyük oldu. Əhalinin gəlirləri 21 faizə çatdı ki, bu da real gəlirlərdə 7 faizdən çox artıma imkan yaratdı. 
Azərbaycan iqtisadiyyatında mühüm dəyişikliklərdən biri uzun fasilədən sonra əsas kapitala sərmayə qoyuluşunda artımın olmasıdır. 


Son 9 ildə əsas kapitala sərmayə qoyuluşunda davamlı azalma baş verirdi. Ölkəmizdə əsas kapitala sərmayə qoyuluşunda sonuncu dəfə 2013-cü ildə artım olmuşdu. Yanvar-noyabr aylarına aid olan məlumata əsasən, bu il sərmayə qoyuluşu 8,2 faiz artaraq 13,054 milyard manat olub.


Bu il manatın sabitliyi qorundu. Manatın sabitliyinin təmin edilməsində cari əməliyyatlar balansının profisitli olması əsas rol oynadı. Cari əməliyyatlar balansında profisit 17,7 milyard dolları (ilk 9 ayda – red.) ötməklə bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı. 


2022-ci ilin mühüm iqtisadi nəticələrindən biri ÜDM-in həcminin ABŞ dolları ilə ifadədə ən yüksək göstəriciyə çatmasıdır. İlin sonunda ÜDM-in həcmi 77 milyard dolları keçəcək ki, bu da 2014-cü ildəki göstəricidən də yüksəkdir. 


Geridə qalan ilin digər əlamətdar iqtisadi nəticəsi qeyri neft-qaz sektoru ilə bağlıdır. Bu sektorda ÜDM-in həcmi artaraq ilk dəfə olaraq 40 milyard dollar həddinə çatıb. Eyni zamanda, qeyri neft-qaz mallarının ixracında da artım davam edib və ilk dəfə olaraq ixrac həcmi 3 milyard dollara yüksəlib. 


Azərbaycan iqtisadiyyatı üçün əlamətdar hadisələr arasında enerji sektorunda baş verən yeniliklər də var.    


İlin əvvəlində Səudiyyə Ərəbistanının sərmayəsi ilə ən böyük külək elektrik stansiyasının təməli qoyuldu. Bu stansiyanın yaradılması onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır.


Bərpa olunan enerji növləri ilə bağlı digər bir mühüm layihə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə həyata keçirilib. 2022-ci ilin martında Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.


Enerji sektorunda digər mühüm hadisə Avropaya qaz ixracının artırılması ilə bağlıdır. 


Ölkəmiz Avropa ölkələrinə il ərzində 10 milyard kubmetr qaz ixrac edir. 2022-ci ildə əldə edilən yeni razılaşma ilə Avropaya qaz ixracı 2 dəfə artırılaraq 20 milyard kub metrə çatdırılacaq. 


Enerji sahəsində digər mühüm hadisə Avropaya qaz ixracının şaxələnməsidir. 


Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. IGB Bolqarıstana da Azərbaycan qazının idxalına şərait yaradacaq. 


2022-ci ildə iqtisadiyyatda baş verən mühüm dəyişikliklər 2023-cü ildə iqtisadi proseslərin inkişafına kömək edəcək. O cümlədən pensiya, maaş, müavinət və təqaüdlərin artmasına, daha çox sərmayə qoyuluşuna şərait yaradacaq. 


İqtisadiyyatın gəlirlərinin artması Qarabağın işğaldan azad edilən ərazilərinin bərpasına daha çox vəsait ayrılmasına imkan verəcək ki, bu da geri qayıdış prosesini sürətləndirəcək. 2022-ci ildə Zəngilanla başlayan qayıdış prosesi 2023-cü ildə digər ərazilərlə davam edəcək. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...