Trampdan Baydenlə bağlı yeni ittiham: “Oğluna görə...”
Sabiq Ağ Ev rəhbəri Donald Tramp hazırkı ABŞ prezidenti Co Baydenlə bağlı yeni iddialar səsləndirib.
Sfera.az bildirir ki, o, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) 2020-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində hazırkı prezidentin oğlu haqqında xoşəgəlməz məlumatların yayılmasının qarşısını almağa çalışdığını deyib. Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.
“Məlum oldu ki, Hanter Baydenə qarşı “araşdırma” aparan FTB, onunla bağlı bütün pis xəbərləri gizli saxlamaq üçün 2020-ci il seçkiləri ərəfəsində çoxlu sorğu göndərib. Bu, açıq-aşkar biabırçılıqdır”, deyə Tramp qeyd edib.
Xatırladaq ki, 2020-ci il prezident seçkilərindən əvvəl “New York Post” Hanter Baydenin məxfi e-poçt yazışmalarına əsaslanan material dərc etmişdi. Trampın yaxın adamları ABŞ-ın hazırkı prezidentinin oğluna məxsus noutbukdan məlumatların surətini aldığını iddia etmişdilər. Mətbuatın yazdığına görə, yazışmalarda Hanter Baydenin biznes sferasında öz maraqları üçün atasının rəsmi mövqeyindən istifadə etməyə çalışdığı göstərilirdi. O zaman demokratlardan prezidentliyə namizəd olan Co Bayden isə heç bir dəlil olmadan bu məlumatın yayılmasında Rusiya Federasiyasının əli olduğunu iddia etmişdi. “Twitter” və “Facebook” isə öz platformalarında “New York Post” materialının yayılmasını məhdudlaşdırmışdı.
Günay Rəsulqızı