Bayden Zelenskini Vaşinqtona buna görə çağırıbmış? – “Sona qədər...”

Bayden Zelenskini Vaşinqtona buna görə çağırıbmış? – “Sona qədər...”

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfərindən qayıdarkən səsləndirdiyi fikirlər müzakirə mövzusu olaraq qalmaqdadır. “Patriot” hava hücumundan müdafiə sistemləri, o cümlədən maliyyə yardımıları ilə əlaqəli müsbət razılaşmalar olduğunu deyən Ukrayna liderinin “Başqa razılaşmalar da var, onlar haqqında sonra danışacağıq”, açıqlaması analitiklər tərəfindən fərqli formada izah edilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bəlkə də Zelenski növbəti blefini edir:

 

“Son günlər Ukrayna ordusunun da müharibədən yorulması barədə xəbərlər gəlir. Sözügedən “digər razılaşmalar” bəlkə Ukrayna hərbçilərinin döyüş ruhunu daha da yüksəltmək üçün istifadəyə buraxılan şayiədir? Yaxud, qarşı tərəfdə çaşqınlıq yaratmaq məqsədi ilə ortaya atılan manevrdir? Ümumiyyətlə, müharibənin qızğın vaxtında Zelenskinin ABŞ-a səfərində məqsəd nə idi? Konqresdə çıxış etməkmi? “Patriot”ların açarını şəxsən Baydenin özündən almaqmı? Təbii ki, yox. Bütün bunlara Zelenski ABŞ-a səfərdən qabaq nail olmuşdu. Elə isə Zelenski çox ciddi, həm də elan edilməsi hələlik mümkün olmayan bir missiya ilə əlaqədar Ağ Evə çağırılıb. Bu nə ola bilərdi? Ağla Ukrayna liderini müharibəni davam etdirməyə inandırmaqdan başqa bir şey gəlmir. Ağ Evi Zelenskinin Rusiya ilə danışıqlara getmək ehtimalı narahat edir”.

 

Müsahibimiz qeyd edib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır:

 

“ABŞ Rusiyanı Ukraynanın əli ilə iqtisadi, hərbi, siyasi sahədə çökdürmək istəyir. Vaşinqtonun fikrincə, Avropanın yenidən qurulmaqda olan təhlükəsizlik arxitekturasında Rusiyanın yeri yoxdur. Buna görə də Ağ Ev əlinə düşən imkandan istifadə edərək müharibəni Ukraynanın qələbəsinə qədər davam etdirmək istəyir. Bu məsələdə Zelenskidən yaxşı fiqur yoxdur. Ona görə də o, Vaşinqtona çağırıldı və Ukrayna prezidentinə əvvəllər verilən vədlər yeniləndi,  bu vədlərin yerinə yetiriləcəyinə zəmanət verildi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR