“Sülh müqaviləsində Ermənistan bu öhdəliyi götürməlidir” – Natiq Cəfərli

“Sülh müqaviləsində Ermənistan bu öhdəliyi götürməlidir” – Natiq Cəfərli

"Son 35 ildə Ermənistan ərazisindən zorla qovulmuş türklərin indiki Ermənistan ərazisinə, öz tarixi yaşayış yerlərinə qayıtması vacib hədəflərdən biri olmalıdır. Bu, həm Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşların gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər".

Sfera.az xəbər verir ki, bunu ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bildirib. O, Azərbaycanda yaşayacaq ermənilərə veriləcək hüquqların Ermənistanın Azərbaycan əhalisi üçün verilməli olduğunu da deyib:

 

"Ermənistanla bağlanacaq sülh müqaviləsində (gec-tez bu baş verəcək) mütləq bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ qeyd edilməlidir, paralel olaraq müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqlar Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək – yəni burada “güzgü prinsipi” ilə müqavilələr imzalanmalıdır.  Məntiqlə, buna Ermənistan da razı olmalıdır, əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər".

 

N.Cəfərli Azərbaycan əhalisinin dominant toplum olacağını qeyd edib:

 

"O ki qaldı gələcəyə, Azərbaycan əhalisi yaxın 30-50 ildə demoqrafik olaraq Cənubi Qafqazın dominant toplumu olacaq – bu məsələni də kafamızın bir kənarına yazıb strateji və taktiki addımlarımızı bu proeksiyaya görə düşünməliyik".

 

İnci


OXŞAR XƏBƏRLƏR