“Onlar Putini öldürsələr...” – Rus cəmiyyətinin “qisas andı”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pentaqonun Putini öldürmək istəyi ilə bağlı açıqlaması sosial medianın rus seqmentində səs-küy yaradıb.
“Pentaqonun bəzi “adı açıqlanmayan rəsmiləri” Kremli “öldürücü zərbə” vuracaqları ilə hədələyiblər. Söhbət Rusiya dövlətinin başçısının fiziki məhv edilməsi təhlükəsindən gedir. Kimsə, həqiqətən, bu barədə düşünürsə, o, belə planların mümkün nəticələri barədə də düşünməlidir”, - deyə XİN rəhbəri vurğulayıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı rusiyalı analitiklər sərt fikirlər səsləndiriblər. Əksəriyyət sui-qəsdin baş verəcəyi təqdirdə, Rusiyanın amansız cavab verəcəyini bildirib.
Politoloq Andrey Maksimov “Kanal 5”ə müsahibəsində bu halda hansı addımların atılacağından söz açıb. “Prezident Vladimir Putinin fiziki olaraq məhv edilməsi təhlükəsi yaranarsa, Rusiya buna güzgü cavabını verəcək”, deyə o söyləyib.
Maksimovun sözlərinə görə, Rusiya artıq sui-qəsd planına hazırdır: “Düşünürəm ki, biz bu cür vəziyyətlərə hazırıq. Bənzər durumlar üçün adekvat həll yollarımız var. Kimsə ciddi şəkildə sözdən əmələ keçərsə, güzgü effekti olacaq”.
Xatırladaq ki, daha bir iddiaya görə, Almaniya prezidenti Çin liderindən Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Putinə qarşı hərəkətə keçməyi xahiş edib. Bu da analitiklər tərəfindən digər sui-qəsd planı kimi dəyərləndirilib.
Günay Rəsulqızı