Zelenski müharibə başlayandan bəri bunu ilk dəfə edəcək – O, nəyə nail olmaq istəyir?

Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə Ukraynanı tərk edir. ABŞ mətbuatı ölkə başçısının bu gün Vaşinqtonda olacağı barədə xəbər yayıb. Səfər son ana qədər gizli saxlanılıb. Məlumata görə, Zelenski Konqresin hər iki palatasının ümumi toplantısında çıxış edəcək və prezident Co Baydenlə görüşəcək.
Zelenskinin gizli səfərinin məqsədi nədir?
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, o, ABŞ-a səfəri çərçivəsində Ukraynaya dəstəyin daha da artırılmasına nail olmağa çalışacaq:
“Düzdür, ABŞ bu gün sözügedən yardımı artırmaqda davam edir. Lakin nəzərə almalıyıq ki, noyabr ayında ABŞ-da Nümayəndələr Palatasına seçkilər keçirildi, orada respublikaçılar da yer aldılar. Əlbəttə, ABŞ-ın Ukraynaya yardım göstərməsində hər iki qanadın – həm demokratların, həm də respublikaçıların ortaq məxrəcə gəlməsi çox önəmlidir. Bu baxımdan düşünürəm ki, Zelenskinin səfərinin arxasında məhz hər iki qanaddan dəstək almaq dayanır”.
Müsahibimiz vurğulayıb ki, ümumiyyətlə ABŞ respublikaçıların dövründə Rusiya siyasətində demokratlara nisbətən loyal münasibət sərgiləyirdilər:
“Ona görə də Zelenski səfəri zamanı məhz həmin kəsimi tərəfinə çəkməyi və basqıların artırılması ilə ABŞ-ın Ukraynaya bundan sonrakı yardımlarını davam etdirməyi planlayır. Nəzərə almalıyıq ki, müharibə başlayandan bu yana ABŞ Ukraynaya 34 milyard dollar vəsaitə qədər silah-sursat və humanitar yardım göstərib. Zelenskinin ABŞ Konqresində çıxışı da xüsusilə önəmlidir. Hesab edirəm ki, bu çıxışlardan sonra ABŞ-Ukrayna münasibətlərində yeni dönəm başlayacaq. Güman ki, Ukraynanın NATO-ya üzvlük məsələsi də müzakirə ediləcək. İndi olmasa belə, növbəti dövrlərdə - Rusiyanın ölkədən çıxarılmasından sonra bu məsələnin gündəmə gəlməsi gözləniləndir”.
Qeyd edək ki, son zamanlar ABŞ mətbuatında Bayden administrasiyasının Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün ona “Patriot” raketləri tədarük edəcəyi ilə bağlı xəbərlər də yayılıb.
Günay Rəsulqızı