Pensiyanız 300 manatdırsa, bu qədər ARTIM OLACAQ

Pensiyanız 300 manatdırsa, bu qədər ARTIM OLACAQ

Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, hazırkı dəyişikliyin vətəndaşlar üçün olan vacib hissəsi 20-ci və 29-cu maddələr üzrədir:

 

“29-cu maddənin ikinci hissəsi isə ümumiyyətlə çıxarılıb. Yeni dəyişikliyiyə görə, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir. Bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövründə neçə faiz artıbsa, pensiyalar da buna uyğun artacaq.

 

Bəs, gələn il pensiyalar nə qədər artacaq?

 

2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”.

 

Ekspert qeyd edib ki, digər bir dəyişiklik isə qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır:

 

“Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaq. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR