Mərkəzi Bank faizləri ARTIRDI

Mərkəzi Bank faizləri ARTIRDI

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yeni faiz dərəcələrini açıqlayıb.

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 0,25% bəndi artırılaraq 8,25%-ə, faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25%-ə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi isə 9,25% səviyyəsində dəyişməz saxlanılıb.

 

Qeyd edək ki, AMB-nin faizləri artırmasının səbəbi ölkəmizdə yüksək inflyasiya səviyyəsinin qalması ilə bağlıdır.

 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin noyabrında illik inflyasiya 15,1 faiz, yanvar-noyabr aylarını əhatə edən dövrü inflyasiya 13,8 faiz təşkil edib. Oktyabr ayı ilə müqayisədə illik inflyasiya 0,5 faiz bəndi azalsa da, dövrü inflyasiya 0,1 bənd yüksəlib.

 

AMB-bildirir ki, faiz qərarını açıqlayan zaman xarici və daxili amillər nəzərə alınıb: “Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də hələ də ikirəqəmli olaraq qalir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıbr. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunub. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR