“Mərkəzi Bank manatla bağlı proqnozlarını elan etməlidir” – Vüqar Bayramov 

“Mərkəzi Bank manatla bağlı proqnozlarını elan etməlidir” – Vüqar Bayramov 

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, FED faiz dərəcəsini 50 bənd artıraraq 4,25-4,5 səviyyəsinə çatdırılıb.

 

Xatırladaq ki, bundan öncəki qərarlarda faizlər 75 bənd artırılırdı. Bu qərarından görünür ki, FED faiz dərəcələrində artım sürətini azaltsa da sərt pul-kredit siyasətini davam etdirir. FED-in hədəfi inflyasiya səviyyəsinin 2 faizə qədər azaldılmasıdır.

 

Bəs, faizlərin artırılmasının dolların məzənnəsinə təsiri necə olacaq?

 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirdi ki, artımdan sonrakı faizlər 2007-ci ildən sonra ən yüksək səviyyəyə çatıb. V.Bayramov bundan sonra dolların bahalaşma imkanlarının geniş olmadığını hesab edir: “2022-ci ildə Dollar İndeksi kəskin möhkəmlənsə də son 2 ayda dolların ucuzlaşması müşahidə olunur. Bu, onu göstərir ki, əvvəlki artımlardan sonra qlobal valyuta bazarı yeni addımlara öncədən hazır olub”.

 

V.Bayramov FED-in faiz qərarlarının Azərbaycan manatının məzənnəsinə təsir etməyəcəyini də düşünür: “2022-ci il artıq başa çatmaqdadır. Azərbaycan Mərkəzi Bankı 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorlarında nəzərə alınacağı gizlədilmir”.

 

Bununla belə millət vəkili hesab edir ki, 2023-cü ildə xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində az əhəmiyyətli olmayacaq. Buna görə də o Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla uzunmüddətli dövr üçün rəsmi proqnozların elan edilməsini məqsədəuyğun hesab edir:

 

“Bu, milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Eyni zamanda xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

 

Vasif Sfera.az


OXŞAR XƏBƏRLƏR