Putin Minskə gedir - Hansı mövzular müzakirə olunacaq?
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Sfera.az bildirir ki, Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 19-da liderlər danışıqlara başlayacaq.
“Planlaşdırıldığı kimi, dövlət başçıları görüş zamanı əvvəllər qəbul edilmiş birlik proqramlarının icrasını ətraflı müzakirə edəcəklər. İlk növbədə ticarət-iqtisadi əməkdaşlıq məsələlərindən, idxalın əvəzlənməsinə diqqət yetirməklə birgə əməkdaşlıq layihələrindən söz açılacaq”.
Qeyd olunub ki, müzakirələdə əsas mövzu enerji sektorunda əməkdaşlıq olacaq. Məlumata əsasən, prezidentlər həmçinin təhlükəsizlik məsələlərinə üstünlük verəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Mətbuat xidməti bildirib ki, tədbirdə iki ölkənin hökumət üzvləri, nazirlik və idarələrin rəhbərləri də iştirak edəcəklər. “Bu formatda tərəflər Belarus-Rusiya inteqrasiyasının ən aktual məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəklər”.
Daha sonra prezidentlərin təkbətək danışıqları davam etdiriləcək, onların bəyanatlarla çıxış etmələri və jurnalistlərin suallarını cavablandırmaları gözlənilir.
Günay Rəsulqızı