Neftdə ucuzlaşma dayanmır: qiymətlər nə qədər enə bilər?
Bu ilin noyabrından neft bazarında müşahidə olunan ucuzlaşma hələ də davam edir. Noyabrın əvvəlində qiyməti 98,5 dollar olan “Brent” markalı neftin qiyməti bu gün 76,6 dollara düşüb. Son 40 gündə neftin qiyməti 22 dollar, yəni 22,3 faiz enib. Azərbaycanın ixrac etdiyi neftin də qiyməti düşür. Noyabrın əvvəlində 100 dollara satılan Azərbaycan neftinin qiyməti hazırda 78 dollardır.
Sfera.az xəbər verir ki, neft qiymətlərinin enməsi 2 səbəblə əlaqələndirilir. Birinci səbəb dünya iqtisadiyyatında böhran ehtimalının güclənməsidir. Son aylarda mərkəzi bankların faizləri davamlı artırması alıcılıq qabiliyyətini xeyli zəiflədib. Artıq birjalarda neftə tələbdə də zəifləmə müşahidə edilir.
Proqnozlara əsasən faiz artımları davam edəcək və bu, iqtisadi inkişafı tormozlayacaq. Qeyd edilən proqnozları nəzərə alan alıcılar və investorlar qiymətlərin aşağı yönlü dəyişməsinə hazırlaşırlar ki, bu da ucuzlaşmanı bir qədər də gücləndirir. Nefti ucuzlaşdıran digər amil Çində COVİD-19 virusuna qarşı karantin tədbirlərinin davam etməsidir. Karantin tədbirləri Çində istehsal göstəricilərini pisləşdirir ki, bu da neft ixrac edənlər üçün yaxşı xəbər deyil. Çünki Çin dünyada ən çox neft idxal edən ölkədir. Bu ölkədə sənaye istehsalında artım sürətinin zəifləməsi neft qiymətlərinə azaldıcı təsir edir. Buna görə də son günlər neft qiymətləri azalır.
Bəs, bundan sonra da neft ucuzlaşa bilərmi?
Məlumatların təhlili göstərir ki, 2023-cü ildə iqtisadi böhran riski azalarsa və Çində karantin tədbirləri yumşaldılarsa alıcılıq qabiliyyəti yüksələcək, neftə tələb artacaq. Tələbin güclənməsi şəraitində neft qiymətlərinin yenidən yüksəlməsi, 80-90 dollar səviyyəsinə qayıtması real görünür. Tələb güclənməsə, neft qiymətlərinin əvvəlki səviyyəyə qayıtması üçün neft hasilatı azaldılmalıdır. “OPEC+” ölkələri gündəlik hasilatı bir qədər də azaldarsa neft qiymətlərində davamlı enməni dayandırmaq, sonradan müəyyən qədər qiymət artımına nail olmaq mümkündür. Təklif və tələb arasındakı tarazlığı təmin etmək mümkün olmasa, neft bazarında qiymətlər 60-70 dollar səviyyəsinə qədər geriləyəcək. Azərbaycana gəldikdə isə neft qiymətlərinin 60-70 dollar olması makroiqtisadi sabitliyə imkan verir. Lakin Dövlət Neft Fondunun aktivlərinin azalmaması, eyni zamanda ixrac göstəricilərinin və büdcənin neft-qaz sektorundan vergi gəlirlərinin yüksək olması üçün qiymətlərin 80-90 dollar səviyyəsi daha məqbul hesab edilir.
Vasif
Sfera.az