Azərbaycanda pul kütləsi ARTDI – SƏBƏB
Azərbaycanda bu il dövriyyədə olan pul kütləsinin həcminin kəskin artması müşahidə edilir.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkəmizdə pul kütləsinin həcmi 2022-ci ilin noyabrın 1-də 41,178 milyard manatı ötüb.
Pul kütləsi yalnız oktyabr ayı ərzində 1,028 milyard manat (2,56 faiz), son 3 ayda 2,92 milyard manat (7,63 faiz), bir ildə isə 8,71 milyard manat (26,7 faiz) artıb.
Müqayisə etsək görərik ki, son illərdə pul kütləsinin həcmində belə böyük və sürətli artım baş verməmişdi.
Bu il pul kütləsinin kəskin şəkildə artması ölkəmizdə məhsul istehsalının nominal dəyərinin kəskin artması ilə bağlıdır. 2022-ci ildə istehsalın dəyəri 40 milyard manata yaxın, yəni 50 faizdən çox artıb. İstehsalın həcminin bu qədər artması pula olan tələbi də kəskin artırıb.
Lakin onu da bildirək ki, pul kütləsində artım ümumi istehsaldakı artımla müqayisədə az olub. Bu səbəbdən manatın dövretmə sürəti 3,8-dən 4,7-yə yüksəlib.
Bu il pul kütləsinin kəskin artması əsasən depozitlərdəki artımla bağlıdır. Manatla və xarici valyutada olan depozitlər 7,25 milyard manat artıb. Hazırda depozitlərin həcmi 28,63 milyard manatdır. Bir il əvvəl isə depozitlərin həcmi 21,38 milyard manat idi.
Banklardan kənarda olan nağd pulun həcmində də artım müşahidə edilib. Bir il ərzində banklardan kənarda olan nağd pulun həcmi 1 milyard manatdan çox artaraq 12,5 milyard manatı keçib.
Vasif
Sfera.az