“iPhone 14 Pro” BAHALAŞACAQ - SƏBƏB

Çinin Zengzou (Zhengzhou) şəhərindəki dünyanın ən böyük “iPhone” istehsal müəssisəsində epidemiya və etirazlar səbəbilə “iPhone Pro” modellərində 6 milyona yaxın istehsal itkisi yaşanacaq.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı şirkətin adının çəkilməsini istəməyən rəsmisi bildirib.
Mənbə deyib ki, istehsal müəssisəsində qeyri-müəyyənlik qalmaqdadır və istehsal itkilərinin sayı dəyişə bilər. Müəssisədə COVID karantini tətbiq olunur və bu rejim önümüzdəki həftələrdə davam edərsə, telefon istehsalında daha böyük itkilər baş verəcək.
Xatırladaq ki, Zengzou şəhərciyində bu yaxınlarda COVID karantinlərinin səbəb olduğu işçi etirazları yaranıb. “iPhone” modellərinin istehsal edildiyi müəssisəni “Foxconn” elektronika şirkəti idarə edir. Şirkətə yerli hakimiyyət orqanlarından epidemiyanın qarşısını almaqda çətinlik çəkdikləri haqqında məlumat verilib.
“Foxconn” müəssisəsi “Apple”ın bu il ən çox tələb olunan yeni “iPhone 14 Pro” modelini istehsal edir. “iPhone 14 Pro” son vaxtlar tələb azalan “iPhone 14” modellərinin yaratdığı boşluğu doldururdu.
Bu etirazlardan sonra “Apple” şirkəti istehsal proqnozunu 90 milyon ədəddən 87 milyon ədədə endirib. Mütəxəsislərin fikrincə, mövcud vəziyyət dəyişməsə, “iPhone 14 Pro” modelinin istehsalı azalacaq və bu məhsullara yüksək tələblə əlaqədar satış qiymətləri artacaq.
Vasif
Sfera.az