Neft ucuzlaşır: “qara qızıl”ın qiyməti 70 dollara düşə bilər

Beynəlxalq birjalarda neft qiymətlərində enmə davam edir.
Sfera.az xəbər verir “qara qızıl”ın dəyərində enmə artıq bir aya yaxınlaşır.
“Brent” markalı neftin qiyməti bir ay əvvəl 99 dollar idi. Hazırda neftin qiyməti 81 dollara yaxınlaşıb. Qısa müddətdə “Brent” nefti 18 faiz ucuzlaşıb.
Neftin dəyərdən düşməsi müxtəlif səbəblə bağlıdır. Əsas səbəb dünya iqtisadiyyatında tələbin zəifləməsi, böhran riskinin yaranmasıdır.
Son günlərdə isə Çində COVID-19 virusuna yoluxanların sayının artması və bununla əlaqədar sərt karantin qaydalarının tətbiqi birjalarda narahatçılığı artırıb. Belə ehtimal edilir ki, dünyanın ən böyük neft idxalçısı olan Çində epidemioloji vəziyyət pisləşərsə, neftə tələb zəifləyəcək. Bu ehtimalı nəzərə alaraq, birjalarda investorların neftlə bağlı mövqeyi alış yox, satış yönlü dəyişib.
Bu həftə OPEC və müttəfiqləri (OPEC+) növbəti dəfə hasilatın həcmini müzakirə edəcək. Uzun fasilədən sonra ilk dəfə olaraq OPEC+ oktyabr ayında sutkalıq hasilatı 2 milyon barrel azaltmaq haqqında qərar qəbul etdi. Gözlənilir ki, bu həftə keçiriləcək görüşdə oxşar qərar qəbul ediləcək. Əks təqdirdə “Brent” neftinin dəyəri 70 dollar səviyyəsinə qədər geriləyəcək.
Vasif
Sfera.az