Dumanlı dağlar başındakı Şuşanın payızı... - FOTOREPORTAJ

Azərbaycanda payız gözəldir. Dumanlı dağların başında yerləşən Şuşada isə bir başqa gözəldir.
Şuşa Qarabağın dilbər guşəsi, Azərbaycanın isə dünyalar içrə cənnətidir. Gözəl təbiəti, dumanlı dağları, sisli səması, tarixi tikililəri ilə Şuşa xəyallardakı cənnətin rənglər palitrasıdır.
Ermənilərin Şuşaya vurduğu zərər təbii ki, danılmazdır. Digər işğaldan azad olunan şəhər və rayonlarımızdakı kimi Şuşada da erməni vandalizminin, barbarlığının izləri qalıb. Ancaq bu acı fakt belə Şuşanın əzəmətindən heç nə azalda bilməyib. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyidir. Şuşa Azərbaycana Xurşidbanu Natavanı, Vaqifi, Üzeyir bəy Hacıbəylini, Bülbülü və başqa sənətkarları bəxş edib.
Şuşanın gözəlliyini, təbiətini, tarixiliyini anlatmaq yox, görmək, yaşamaq lazımdır.
Hələ də görmək imkanı əldə edə bilməyənlər üçün Azərbaycanın cənnəti Şuşa Sfera.az-ın obyektivindən:
Fotolar: ANAR BAYRAMLI
Qeyd edək ki, Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İlk vaxtlarda bu yaşayış məskəni Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" adlandırılıb. Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb. İbrahimxəlil xanın dövründə isə Şuşa qalasının divarları və strateji əhəmiyyətli qalalar tikilib.
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan işğalına məruz qalıb. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala salıb. Yalnız 28 il sonra 2020-ci il noyabrın 8-də şanlı Ordumuz Şuşanı düşmən işğalından azad edərək öz həqiqi sahibinə- Azərbaycana qaytardı.