Azərbaycanın idxal etdiyi buğda ucuzlaşır – Son 4 ayın qiymət dəyişikliyi
Azərbaycanın idxal etdiyi ərzaqlıq buğdanın dəyəri son 4 ayda ardıcıl şəkildə enib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin iyulunda idxal edilən ərzaqlıq buğdanın bir tonunun qiyməti 696,53 manat olduğu halda avqustda 628,78 manat, sentyabrda 596,24 manat, oktyabrda 569,15 manat olub.
Son 4 ayda idxal buğdasının bir tonunun qiyməti 126,38 manat, yəni 18,14 faiz enib.
Azərbaycan buğdanı əsasən, un istehsalı üçün idxal edir. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində xaricdən 956 274 ton buğda alınıb. Bu qədər buğdanın alışına 330 milyon dollar və ya bir ton buğdaya 334,6 dollar (568,8 manat) ödənilib.
Buğdanın bahalaşması Azərbaycanda çörək qiymətlərinin artmasına səbəb olub. Azərbaycan əhalisinin daha çox hissəsinin istehlak etdiyi dairəvi çörəyin (“zavod çörəyi”) qiyməti 2022-ci il ərzində 50 qəpikdən 70 qəpiyə qədər artırılıb.
Buğdanın qiymətinin bu qədər artmasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin də böyük təsiri olub.
İndi buğdanın dəyəri iyul ayındakı səviyyədən xeyli aşağıdır. Buğdanın ucuzlaşmasına BMT, Türkiyə, Rusiya və Ukrayna arasında əldə edilən “Taxıl razılaşması”nın köməyi olub.
Vasif