Kütləvi isteriyalara səbəb olan maraqlı, gülməli, kədərli hadisələr 

Kütləvi isteriyalara səbəb olan maraqlı, gülməli, kədərli hadisələr 

Kütləvi isteriya ümumiyyətlə fərqli insanların eyni isterik əlamətləri, izahı bilinməyən hadisələri və ya xəstəlikləri göstərməsi kimi təyin edilir. Tarixdə buna maraqlı nümunələr var.

 

Sfera.az tarixdə kütləvi isteriyalara səbəb olan və bəzən insanları dəli etmək dərəcəsinə gətirən hadisələr haqqında yazı təqdim edir.

 

2006-cı ildə Hindistanın Mumbay şəhərində Mahim körfəzində baş vermiş bir hadisə:

 

Mumbay körfəzi Hindistanın ən çirkli körfəzlərindən biridir, çünki bu buxtaya hər gün tonlarla kanalizasiya və sənaye tullantıları axıdılır. Ancaq 2006-cı ildə bir gün buxtanın sakinləri buxtada yerləşən “Teethal Beach”də duzlu dəniz suyunun şirin suya çevrildiyini iddia edirlər. Bu xəbər dərhal yayılır və insanlar sahilə qaçmağa, dəniz suyunu içməyə başlayırlar. Maharashtra Çirklənməyə Nəzarət Bürosu sağlamlıq problemləri ola biləcəyinə dair xəbərdarlıqlar verməyə başlayır. Amma xəbərdarlıqlara qulaq asmaq bir yana qalsın, insanlar qab-qacaq götürüb ora qaçır, suyu butulkalara, demijonlara, qazanlara doldurub evlərinə aparırlar. Günorta saat 2 radələrində rayonun din xadimləri suyun yenidən duzlu suya çevrildiyini və camaatın sakitləşdiyini bildirdilər.

 

Səlahiyyətlilər izahat tapmağa çalışırlar və ən ağlabatanı odur ki, dəniz kənarında suyun altındakı qayalardan fışqıran şirin yağış suları güclü yağışlar nəticəsində səthə çıxmış ola bilər, amma buna aid heç bir sübut tapılmır.

 

Daha bir kütləvi isteriya hadisəsi Afrikada baş verir:

 

Hadisə 1962-ci il Tanzaniya və Keniya sərhədindəki Tanqanika bölgəsində baş verir. Kənd internat məktəbində üç yaramaz qızın zarafatına görə bütün sinif gülməyə başlayır. Tezliklə bütün məktəb nəyə güldüklərini bilmədən gülməyə başlayır. Məktəb bağlanır, lakin bu isteriya evə göndərilən uşaqların ailələri vasitəsilə də bölgəyə yayılır və minlərlə insana sirayət edir. Səbəbsiz gülüş içində olan bir qrup insanı düşünün… Bu hadisə davam edir və zamanla sona çatır. Hadisədən sonrakı məlumatlara görə, hadisə başa çatdıqdan sonra bölgədəki demək olar ki, bütün insanlarda ağrı, huşunu itirmə, tənəffüs problemləri, qaşınma və qışqırıq tikləri müşahidə edilib. Mütəxəssislər vəziyyətin stresə əsaslandığını bildirir.

 

 

Başqa bir hadisə isə ədəbiyyatda “Hindu Südü Möcüzəsi” olaraq adlandırılır:

 

21 sentyabr 1995-ci ildə səhər açılmazdan əvvəl bir qrup hindu keşişi Yeni Dehlinin cənubundakı məbəddə fil başlı tanrı Qaneşanın heykəlinə süd təklif edir. Birdən fincandakı süd yox olur və heykəlin südü içdiyi düşünülür. Bu xəbəri hamı tez eşidir və günortadan əvvəl bütün ölkədə tanrı heykəllərinin süd içməsi halları yayılır. Həmin gün axşama doğru heykəllər südlə doyur və bu tədbir bağlanır. Möcüzələrə inanan minlərlə insan olduğu kimi bu hadisəyə elmi izah verməyə çalışanlar da olmuşdur.

 

Daha bir hadisə Portuqaliyada qeydə alınıb:

 

2006-cı il Portuqaliyada televiziyada yayımlanan "Crazy Dershane" adlı gənclərə ais teleserial hadisənin səbəbkarıdır. Serial gənclər arasında çox populyar olub. Bir anda 14-ə yaxın məktəbdə 300-ə yaxın şagird arasında bir sıra simptomlar başlayır. Nəfəs darlığı, səpgilər, başgicəllənmə kimi səbəblərdən məktəblər bağlanır. Maraqlısı odur ki, bütün bu tələbələr həmin seriala ən son baxıblar və aktyorlar son bölümdə oxşar rolları ifa ediblər. Milli Səhiyyə Agentliyi hadisəni kütləvi isteriya kimi qiymətləndirib.

 

 

Ən gülməlisi isə “Penis Panik" adlı hadisədir:

 

Afrikada, Asiyada, hətta Avropada bəzi insanlar birdən-birə cinsi orqanların kiçilməsindən, hətta yoxa çıxmasından qorxurlar. Minlərlə insanda görülən bu isteriyanın tarixi əslində daha qədimlərə gedir: hətta 16-cı əsrə. 1967-ci ildə Sinqapurda yüzlərlə insan bu simptomlarla xəstəxanalara aparılıb. Maraqlısı odur ki, xəstələrin heç biri Sinqapurdan olmayıb, hamısı Çinli mühacir olub. 1984-cü ildə eyni şey Çində də baş verir. Bu isteriya 3000 nəfərdə müşahidə olunur, ancaq bir fərqlə. İnsanlar xəstəxanalara yox, yerli cadugərlərə gedirlər və qırmızı bibər, qara bibər və hər cür bibəri özünəməxsus şəkildə bədən üzvünə vuraraq hadisəni dayandırmağa çalışırlar. 1990-2000-ci illərdə Qərbi Afrikada da "Penis Panik"i qeydə alınıb, lakin bu dəfə vəziyyət bir az fərqli olur.

 

Bu dəfə insanlar cinsiyyət orqanlarının kiçilmədiyini, əksinə tamamilə yox olduğunu iddia edirlər. Hətta xəstələr orqanlarının qara bazarda satmaq üçün oğurlandığını iddia edirlər. Həkimlər müayinələrdə hər şeyin normal olduğunu dedikdə xəstələr müayinə zamanı orqanların birdən-birə geri gəldiyini, lakin ya kiçik, ya da işlək vəziyyətdə olmadığını iddia edirlər. Hadisə kütləvi isteriya kimi qələmə verilir… Yeri gəlmişkən, bu hadisə zamanı 36 nəfər penis oğurluğuna görə küçələrdə öldürülüb.

 

Məşhur rəqs vəbası:

 

1518-ci ildə o vaxtlar Müqəddəs Roma İmperiyasının ərazisi olan Fransanın Strasburq şəhəri… İyun ayında bir gənc qadın şəhərin küçələrində dəlilər kimi rəqs etməyə başlayır. Bu rəqs 1 həftə çəkir. Həftə sonu rəqsə daha 34 nəfər qoşulur. 1 ay sonra küçələrdə 400 nəfər rəqs edirdi. Çoxları ürək tutmasından və ya yorğunluqdan ölür. Həmin dövrə aid bir çox müxtəlif mənbələr də hadisəni təsdiqləyir. İnsanların niyə rəqs etdiyi, yaxud həvəslə rəqs etdiyi bilinmir. Deyilənlərə görə onların hamısının acı taleyi var idi.

 

 

Miyoldayan rahibələr:

 

1844-cü ildə yazılmış bir kitaba görə orta əsrlərdə Fransa monastırında yaşayan bir rahibə gözlənilmədən miyavlamağa başlayıb. Qısa müddətdə digər rahibələr miyavlamağa başlayırlar və hətta bu bir növ rituala çevrilir. Hər gün müəyyən bir saatda rahibələr kütləvi şəkildə miyavlayırlar, təbii ki, insanlar dəhşətə gəlir. Bunun polisin rahibələri qamçılamaqla hədələməsinə qədər davam etdiyi deyilir.

 

Salem Cadugər isteriyası:

 

1692-ci ildə Massaçusets ştatının Salem kəndində başlayan isterika cadu məhkəmələrinin qurulmasına, yüzlərlə insanın mühakimə olunmasına və 25 günahsız insanın (qadın, kişi və uşaq) edam edilməsinə səbəb olub. Hadisələr kənddə iki gənc qızın o vaxt tibblə izah edilə bilməyən qıcolma keçirməsi ilə başlayır. Gənc qızlar kənddəki bəzi qadınların bu tutmalara səbəb olmaq üçün fövqəltəbii güclərdən istifadə etdiklərini iddia edirlər. Bu iddialardan sonra digər qızlarda da bu tutmalar başlayır və təbii ki, bəzi insanlar buna səbəb olmaqda günahlandırılır. Kənddə gənc qızların bu vəziyyətinin sona çatması ilə məhkəmələr də sona çatır.

 

 

Rhode Island:

 

Kütləvi isteriya xəstəliyin fiziki əlamətləri şəklində də özünü göstərə bilir. 1991-ci ildə Rod-Aylenddə orta məktəbli bir qız mədə ağrısı və gözləri yandığı üçün ağlayaraq özünü yerə atdıqdan sonra digər sinif yoldaşları və müəllimi də eyni simptomları yaşamağa başlayır. Havalandırma sistemindən zəhərli tüstülərin gəldiyini düşünən şagirdlər qorxu içində dəhlizə qaçdıqda, qonşu sinifdəkilər də eyni simptomları yaşamağa başlayırlar. Araşdırmalar məktəbdə zəhərli qazın olmasına dair heç bir dəlil tapmayıb.

 

Stokholm sindromundan sonra İsveçin ədəbiyyata gətirdiyi başqa bir sindrom - Tərk etmə sindromu:

 

Deportasiya xəbərdarlığı alan qaçqınların uşaqları komaya bənzər bir vəziyyət yaşayırlar. Uşaqlar ağrıya, soyuq havaya, toxunmağa reaksiya vermir, onlara verilən heç bir əmrə əməl etmirlər. Testlərdə beyin zədəsi aşkar edilmir. Mütəxəssislər bildirirlər ki, ailələr yaşayış icazəsi aldıqdan sonra uşaqların vəziyyəti yaxşılaşır.

 

(Mənbə "Ekşi sözlük", "Molatik")

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR