APA agentliyi 18 yaşında

"Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 18 il ötür.
"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri hər altı dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ kimi ölkələrin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
9 ildir ki, agentliyin internet kanalı da fəaliyyət göstərməkdədir.
Sfera.az kollektivi adından agentliyin əməkdaşlarını gənclik yaşı hesab olunan rəqəmlə əlaqədar təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!
İnci