"Qoruyucu ailə" modeli yaradılır - Kimlər valideyn ola biləcək?
Xəbər verdiyimiz kimi, Türkiyənin “Qoruyucu ailə sistemi” Azərbaycanda da tətbiq olunacaq. Türkiyədə qoruyucu ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı ötən ildən başlanmış işlər çərçivəsində bu ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən azərbaycanlı mütəxəssislərə təlim keçirilib.
Maraqlıdır, bu modelin ölkəmizdə tətbiqi nə dərəcədə uğurlu ola bilər? Ümumiyyətlə, kimlər himayədar ailə obrazında çıxış etməlidir?
Mövzu ətrafında Sfera.az-a danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə qoruyucu ailə modelində olmaq istəyən şəxslərin əvvəlcədən hazırlanmalı olduğunu deyib:
“Himayədar ailə modelində əsas məsələ uşağın himayə edilməsindən gedir. Bu model mükəmməl olmalı, bu ailələr əvvəlcədən hazırlanmalıdır. Məsələnin maddi tərəfi ilə bağlı məndə məlumat yoxdur. Lakin onu bildirməliyəm ki, hər bir keysə fərdi yanaşmaq lazımdır. Bu gün uşaqları necə gəldi qoruyucu ailəyə vermək olmaz. Burada təhlükəsizlik, xüsusi qayğıya ehtiyac məsələsi var. Bu baxımdan himayədar ailələr zamanla formalaşdırılacaq. Düşünürəm ki, düzgün yanaşma olarsa, belə ailələrə hər zaman ehtiyac var. Bu, bütün dünyada tətbiq olunan modeldir. Türkiyə modeli bizə daha çox uyğun gəldiyi üçün uğurlu model hesab edirik”.
Müsahibimiz uşaqların subay, yoxsa evli şəxslərə himayəyə verilməsi məsələsindən də danışıb:
“Biz bu konteksə fərdi qaydada yanaşsaq, daha yaxşı olar. Subay şəxslərə övlad verilərsə, o zaman bu model qoruyucu ailə yox, qoruyucu şəxs olaraq formalaşar. Biz mürəkkəb ailə modelində böyüyüb formalaşırıq. Bu mənada himayədar ailənin tərkibində nənə, baba kimi şəxslərin olmasına da üstünlük verilə bilər. Beləliklə, qoruyucu ailə modelinin kompleks ailə şəklində təşkil edilməsi daha yaxşı olar”.
Qeyd edək ki, qoruyucu ailə modeli Türkiyədə XX əsrin 60-ci illərindən tətbiq edilməkdədir.
Əzizə Zeynal