Türkiyədəki terror Azərbaycanda mühafizə mövzusunu aktuallaşdırıb – Deputatdan açıqlama

Türkiyədəki terror Azərbaycanda mühafizə mövzusunu aktuallaşdırıb – Deputatdan açıqlama

Xəbər verdiyimiz kimi, İstanbulun Taksim meydanında törədilən terror aktında 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb. Hadisənin arxasında PKK terror təşkilatının dayandığı bildirilməkdədir.

 

Bu faciədən sonra Azərbaycanda da xüsusi məntəqələrdə (məktəb, universitet) mühafizə sisteminin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilməkdədir.

 

Maraqlıdır, hazırda ölkəmizdə belə bir zərurət varmı? Varsa, diqqətdə olan məkanlar necə seçilməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev terrorun siyasi mənzərəyə hədəfləndiyini qeyd edib:

 

“Türkiyədə baş vermiş hadisə çox acınacaqlıdır. Həlak olanların ailələrinə səbir arzu edirəm. Hadisənin məğzindən də görünür ki, onlar obyekt kimi insanları seçiblər. Terrorun törədilməsində məqsəd həm siyasi mənzərəyə təsir etmək, həm də Türkiyədə təhlükəsizlik sisteminin zəif olmasını bildirməkdir. Yəni bu, bir növ Türkiyənin idarəetmə sisteminə qarşı atılan addım kimi də dəyərələndirilə bilər. Terror törədən qruplaşma üçün isə qurban seçdiyi auditoriyanın yaş, cins kimi faktorları önəm daşımır. Tək məqsəd çaxnaşma yaratmaqdır”.

 

Millət vəkili Azərbaycanda mümkün erməni təxribatlarının nəzərə alındığı və mühafizə sisteminin yüksək səviyyədə təşkil olunduğunu düşünür:

 

“Bu məsələlər təkcə kameralar vasitəsi ilə tənzimlənmir. Məktəb, universitet kimi insanların çox yığışdığı ərazilərdə mütləq şəkildə nəzarət var. Ola bilsin, adi vətəndaşlar mühafizə sisteminin yalnız formada olan şəxslər tərəfindən təşkil edildiyini düşünür, lakin xüsusi forma geyinmədən də bizim təhlükəsizliyimizi qoruyan şəxslər var. Dövlət səviyyəli müəyyən bayramlar keçirdildikdə, izdiham olan ərazilərdə mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçir. Bundan başqa sərhəddə bu xüsusda işlər görülməkdədir”.

 

Müsahibimizin sözlərinə görə, ictimai nəqliyyatda mühafizə sisteminin gücləndirilməsi üçün ciddi işlər görülür:

 

“Düşünürəm ki, Azərbaycanda xüsusi xidmət orqanları, mühafizə orqanları təhlükəsizliyin qorunması ilə bağlı ciddi addımlar atır. Lazım gələrsə, gücləndirlmiş iş rejiminə keçmək olar, amma hələlik buna ehtiyac yoxdur. Hazırda ölkəmizdə ən həssas nöqtələr kimi metropolitendə, avtobuslarda təhlükəsizliyin qorunması yolunda çox ciddi addımlar atılır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR