"Azərbaycan buna görə 0 bal almışdı" - Qanun layihələri gizlədilir?
"Milli Məclisin komitə və komissiyaları az qala hər gün açıqlama verirlər ki, hansısa bir qanun layihəsi müzakirə edilib və plenar iclasa tövsiyə edilib".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O, bəzi qanun layihələrini tapmağın çətin məsələ olduğunu qeyd edib:
"Maraqlıdır ki, bu qanun layihələrinin bəzilərini tapmaq ciddi müşkülə çevrilir. Mövcud normalar tələb edir ki, bu tip layihələr dərhal ictimai müzakirəyə çıxarılmalı və müzakirə üçün də imkanlar yaradılmalıdır. Amma aidiyyəti dövlət qurumu və Milli Məclis bu məsələlərə laqeyd yanaşır.
Milli Məclisin saytında “Qanun layihələri ” bölməsi və ictimai müzakirə imkanı yaradılsa da, diqqət yetirdikdə görmək olar ki, cəmi bir neçə qanun layihəsi müzakirə üçün yerləşdirilib. Müzakirəsi gedən, müzakirəyə təqdim edilən bir çox layihələr isə yoxdur".
O.Gündüz parlamentin saytında ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin “gizli” olduğunu diqqətə çatdırıb.
O, sözügedən layihələri belə sıralayıb:
1. “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
2. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
Məcəlləyə 42 maddə, 112 bənd üzrə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur
3. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
4. “Elektron imza və elektron sənəd haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi , ikinci oxunuş
5. “Ali təhsil haqqında” qanun layihəsi və s.
Ekspert məhz bu səbəblə Azərbaycanın BMT tərəfindən 0 bal aldığını da sözlərinə əlavə edib:
"Yeri gəlmişkən, xatırladıram ki, məhz bu tip problemlərə görə, BMT cari ilin “Elektron hökumətin inkişafı” ilə bağlı Hesabatında vətəndaşların dövlət idarəetməsində, qanun və qərarların qəbul edilməsində iştirakı imkanlarını nəzərdə tutan “Elektron iştirakçılıqla” bağlı hissədə Azərbaycana 0 bal vermişdi.
Hansı ki, bu Hesabata görə, Azərbaycan xeyli geriləyib.
Xatırladıram ki, Prezident də bütün çıxışlarında ictimai nəzarət imkanlarının genişləndirilməsinə diqqət yönəldir. Amma göründüyü kimi hələlik elə bir dəyişiklik yoxdur.
Məsul şəxslər ictimai iştirakçılıq, qanun və qərarların qəbulunda iştirak üçün imkanlar yaratmaqda maraqlı görünmürlər".
İnci,
Sfera.az