Rasim Məmmədovun məhkəməsi: \"Nə pislik etmişəm?.. Zavodlar tikmişəm də...\" 

Rasim Məmmədovun məhkəməsi: \

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki proses sənədlərin tədqiqi ilə davam edib və “Baku Steel Company”də aparılmış audit yoxlamaların protokolları araşdırılıb. Rasim Məmmədov məhkəmədə çıxış  edib:

 

“Təkcə Yusifə hər ay 50 min manat maaş vermişəm. Mən özüm heç o qədər maaş almamışam. Bu da 10 il ərzində 6 milyon manat edir. Deməli, 6 milyonu götürən Yusif özü üçün küçədə sərbəst gəzir. “Azeri steel”də hər işlərini görüb, özlərini təmizə çıxarıblar, hər şeyi atıblar mənim üstümə... İşlərini görüblər, pullarını götürüblər, indi də “Azeri Steel”in hər işini atırlar mənim üstümə... Bəlkə məni psixoloji xəstəxanaya göndərib yoxlatdırasız… Bəlkə mən dəli olmuşam?.. Filankəslərlə elə-belə foto çəkdirmişəm? Mənim funksiyayam nə olub? Mən kiməm? Deyirsiz ki, o qədər pulu mən mənimsəmişəm. Mən həyatda çox şey fikirləşə bilərdim. Amma belə bir anekdot heç vaxt ağlıma gəlməzdi. Canım çıxıb o zavodu alıb quranacan... 10 il o zavodu tikmişəm. Nə maaş verdilər, nə bir şey...  İndi məndən nə istəyirsiz? Bu zavodların yiyəsi vardısa, gedərdi cənab prezidentin yanına, canı çıxardı, zavodlarını açardı da... Gələrdi də Əli, Vəli, deyərdi ki, Rasim, sən get dur qıraqda, biz zavodu açırıq. Adminstrasiyaya iclaslara gedərdi də... Eləyəydi də biri bunu... Mən 10 il Adminstrasiyaya iclaslara getmişəm. Ortada pul qazananlar, maaş alanlar qalıb indi qıraqda, mən 24 aydır ki, həbsdəyəm. Nə pislik etmişəm?.. Zavodlar tikmişəm də... Mən o zavodları almasaydım, necə olacaqdı?.. Hesab edin ki, heç almamışam. Nə olacaqdı?.. Alıb pislik eləmişəm?..” 

 

Ötən məhkəmə iclaslarının birində Rasim Məmmədov onun həbsinə səbəbkar olmuş, onunla bağlı prezidentə yalan məlumat vermiş şəxsdən danışıb, ancaq yenə adını çəkməyib. O, hakimlərə həmin şəxsin yer aldığı fotolar da təqdim etmişdi, fotoların tarixçəsindən danışmışdı: “... Baxın, yəhudi iş adamlarıyla görüşümdür. Görüşdə məndən başqa bir nəfər də var. Hələlik kim olduğunu açıqlamıram, siz də deməyin. Tanıdınız da... (Gülür). Köməkçi hakim Novruz Kərimov dodaqaltı gülümsəmişdi. Hakim Leyla Məmmədova fotolara baxıb Rasim Məmmədova qaytarmaq istəyəndə o, “yox, yox, yox, qoy sizdə qalsın, işə əlavə edin”, demişdi. Ancaq hakimlər təkidlə fotoları ona qaytarmış, o isə “qorxdunuz?” deyib, gülmüşdü.  


 
O bütün pulların qeydiyyatını apardığını bir daha vurğulayıb: “Möhtərəm hakim, mən quldurluq eləməmişəm. Məni həbs edəndə dedilər ki, sənin borcun var. Soruşdum nə qədər borcum var? Dedilər 15 milyon manat. Araşdırdılar, mənim adıma çıxan 15 milyon manat da başqasında çıxdı. Burda adını çəkmək istəmirəm. Dedim ki, yaxşı, 10 il ərzində mən 15 milyon götürmüşəm? Bu nə arifmetikadır? Pul qoyan mən, zavod tikən mən, türməyə düşən də mən? Əmlaklarımı da satmışam, əlimdən çıxıb. Uşaqlarım xaricə qaçıb. Möhtərəm hakim, mən ona görə sizə deyirəm ki, məni xəstəxanaya göndərin. Bəlkə doğurdan da mənim beynim qaçıb?” 

 

Rasim Məmmədov “Xural” TV-nin rəhbəri, hazırda həbsdə olan Əvəz Zeynallının da adını çəkib: “Əvəz Zeynallı bütün günü danışır, söyür türmədə... O bilsəydi ki, türməyə düşəcək... İnsanı şərləməzlər. Kimisə yalandan şərləyib türməyə aparmaq... bu günün sabahı var axı. Mən nə istəyirəm ki?.. Deyirəm ki, hara qol çəkib o pulları götürmüşəm?.. Göstərin də...  Heç nə yoxdur axı... Mənim nəyim var satdılar,  götürdülər”. 

 

Rasim Məmmədov deyib ki, “Azeri Steel”in kreditlərini ona ödətdiriblər: “Şirkəti işlədən Yusif, ayda 50 min maaş alan Yusif, buxalteri təyin edən Yusif, amma aldıqları krediti də mənə ödətdirdilər - 10 milyon manat... Mən 2017-ci ildə “Azeri Stell”i ortadan çıxarmaq istəmişəm. Çünki Mikayıl Cabbarovla danışdım, dedi ki, Rasiim, bu işləri qurtarmaq lazımdır. Gəldim Çingizi də, Yusifi də oturtdum, dedim ki, daha belə eləməyin, sistemi dəyişdirin. Amma nə oldu?.. 2018-ci ildə zəng gəldi, yoxlama oldu. Yusifə yenə 200 min manat verdim. Bütün bunlardan sonra 19 ay orada (DTX) oturdum, 4 aydır bura gəlib-gedirəm. Dövlət bundan nə xeyir görəcək?.. Bu günə kimi kimsə gedib mənim kimi Əmlak Komitəsindən sınıq-salxaq zavod alıb işlək vəziyyətə gətirib?..  “Azərboru”da olmusuz?.. Oranı pis düzəltmişəm?..  İndi də hər 5-ci gün məni bura gətirirsiz, 6 saat əsəblərimi korlayırsız. Nə istəyirsiz məndən?..” 

 

Məhkəmə “Baku Steel Company”də audit yoxlamalar aparanları da əlavə şahid qismində dindirib. 
  

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR