Medvedev rus xalqına SƏSLƏNDİ: “Düşmənləri sevindirməyin!”
“Düşmənin sevinməsinə şərait yaratmayın”.
Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Xersondan geri çəkilmə qərarına reaksiya verərkən deyib.
O, “Telegram” kanalında bunları qeyd edib:
“Ölkəmizin heç bir yerində ərazi suverenliyi anlayışı itməyib. Hər şey evinə qayıdacaq, yəni Rusiya Federasiyasına”.
O, əhalini panikaya düşməməyə səsləyib.
“Bütün qayğıkeş insanların həyəcan təbili çalması tamamilə başa düşüləndir, amma isterika, panika yox. Uzaq və ya yaxın düşmənə sevinməyə səbəb verməyin. Onlara rus dünyasının böyüklüyünü və sonsuzluğunu xatırlatmalıyıq”, deyə Medvedev əlavə edib.
Xatırladaq ki, Ukraynadakı rus hərbi birləşmələrinin komandanı general Sergey Surovikin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunları Dnepr çayının sol sahilinə çəkməyi təklif edib. Şoyqu isə bu təkliflə razılaşıb və qoşunların çıxarılmasını əmr edib.
Günay Rəsulqızı,
Sfera.az