Ağ Evdə Ukrayna savaşı ilə bağlı fikirlər HAÇALANIR: Bayden generalla üz-üzə...
ABŞ administrasiyası daxilində Ukrayna savaşı ilə bağlı fikir ayrılıqları yaranıb.
Sfera.az bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ağ Evdə münaqişəyə diplomatiya yolu ilə son qoymaq üçün Ukraynaya təzyiq göstərmək istiqamətində fərqli düşüncələr səsləndirilir. Belə ki, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley hökuməti diplomatiyaya çağırsa da, prezident Co Bayden və onun müşavirləri danışıqlar üçün hələ tez olduğunu düşünür.
Qəzetin mənbələrinə görə, Ağ Evdəki bir neçə görüşdə Milley qeyd edib ki, soyuq aylarda hərbi əməliyyatlar daha az intensiv olacaq, münaqişənin gedişində kəskin dəyişiklik ehtimalı olmayacaq və bütün bunlar danışıqlar üçün imkanlar yaradacaq. Qəzetin həmsöhbətləri bildiriblər ki, general bununla Ukraynanın və onun Qərb müttəfiqlərinin o zaman problemin siyasi həlli üzərində işə başlaya biləcəyinə işarə edib, çünki yaxın gələcəkdə münaqişənin hərbi yolla həlli mümkün olmaya bilər.
“The New York Times” qeyd edib ki, nə Bayden, nə də onun milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Milleyin fikri ilə razı deyil.
“Onlar hesab edirlər ki, Rusiya da, Ukrayna da danışıqlara hazır deyil və hər hansı bir sakitlik rus hərbçilərinə yenidən qruplaşmaq imkanı verəcək. Baydenin müşavirləri düşünür ki, onsuz da münaqişə sonda danışıqlarla yekunlaşacaq. Lakin onların fikrincə, hələlik bunun vaxtı çatmayıb”, deyə mənbə söyləyib.
Xatırladaq ki, daha əvvəl “Politico” qəzeti ABŞ-ın Zelenskini Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı bəndi dialoqa başlamaq üçün şərtlər siyahısından çıxarmağa məcbur edib. Nəşr qeyd edib ki, bazar ertəsi Ukrayna lideri Moskva ilə danışıqlara başlamaq üçün beş şərt sadalayıb, onların arasında Putinlə dialoqun mümkünsüzlüyündən bəhs edilməyib. “Politico”ya görə, mövqe dəyişikliyi birbaşa Bayden administrasiyasının yumşaq təzyiqi ilə bağlıdır.
Günay Rəsulqızı