Surovikinin geri çəkilmə ilə bağlı verdiyi şübhəli şərh – Əslində nə baş verir?
Ukraynadakı rus hərbi birləşmələrinin komandanı general Sergey Surovikin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunları Dnepr çayının sol sahilinə çəkməyi təklif edib. Şoyqu isə bu təkliflə razılaşıb və qoşunların çıxarılmasını əmr edib.
Sfera.az bildirir ki, Rusiya KİV-ləri isə məsələnin detalları barədə məlumat yayıb. Belə ki, Surovikin Şoyquya məruzəsi zamanı Dnepr çayının sağ sahilindəki rus qrupunun təchizatındakı çətinliklərə toxunub. O, həmçinin qoşunların bir hissəsinin başqa istiqamətlərə yerləşdiriləcəyini də bildirib. Surovikinin sözlərinə görə, Dnepr boyunca müdafiələr qurulub: “Qoşunların manevri mümkün qədər tez həyata keçiriləcək”.
“Xerson və ona yaxın yaşayış məntəqələri bu gün tam fəaliyyət göstərə bilmir. İnsanların həyatı gülləbaranlara görə daim təhlükə altındadır. Düşmən şəhərə fərq qoymadan atəş açır, qadağan olunmuş döyüş üsullarından istifadə etmələri də mümkündür. Ukraynalı əsgərlər həm də məktəblərə və tibb müəssisələrinə zərbələr endirirlər. Bundan əlavə, onlar Dnepr çayının o biri tərəfinə keçən Xersonun dinc sakinlərini atəşə tuturlar. Bölgə administrasiyası bu səbəbdən əhalinin Dnepr çayının sağ sahilindən Krıma və digər bölgələrə köçürülməsinə qərar verib. Hazırda hamı, yəni 115 mindən çox insan ərazini tərk edib", - Surovikin bildirib.
O, həmçinin vurğulayıb ki, indiki dövrdə ən düzgün addım Dnepr səddi xətti boyunca müdafiənin təşkili olacaq. General izah edib ki, Ukrayna ordusu Kaxovka bəndinə güclü hücuma keçsə, bunun nəticəsində yaranan su axını şiddətli daşqınlara və dinc əhali arasında əhəmiyyətli itkilərə səbəb olacaq.
Bir sıra rusiyalı bloqqerlər geri çəkilmənin Rusiya hərbi və komandanlıq strukturları daxilindəki sistematik uğursuzluqların təbii nəticəsi olduğunu vurğulayıblar. “Vaqner Qrupun” rəhbəri Yevgeni Priqojin isə geri çəkilmə qərarını dəstəkləyib və bunu Surovikinin Rusiya qoşunlarının təhlükəsizliyini qorumaq istəyinə görə əldə etdiyi "ən böyük nailiyyət" adlandırıb. Çeçenistan lideri Ramzan Kadırov da Priqojinin fikirləri ilə razılaşıb və Surovikinin minlərlə insanın həyatını xilas etdiyini, daha sərfəli mövqelər axtardığını iddia edib.
Xatırladaq ki, Xerson mart ayında rus qoşunları tərəfindən işğal olunmuşdu, altı ay sonra isə şəhər Rusiyanın tərkibinə daxil edilmişdi. Rusiya Müdafiə Nazirliyi 2022-ci il martın 14-də Xersona tam nəzarətin təmin olunduğunu bəyan etmişdi.
Günay Rəsulqızı