Burada süni olan qazanır…- “İnsanlar işsiz qalmayacaq”

“Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır”.
Amerikalı kompüter mütəxəssisi Alan Key hələ illər əvvəl bu fikri söyləyib. Doğrudan da ən yaxşı gələcək zehnində qurduğun və yaşamı praktik vəziyyətə gətirə bildiyin gələcəkdir. Bu mənada süni intellektin həyatımızda tətbiqini xüsusi vurğulamaq lazımdır...
Süni intellekt xidmətləri istənilən sektorda keyfiyyətin artırılmasına hesablanan fəaliyyət sahəsi, çağdaş dövrün əsas zərurətidir. İlkin olaraq burada bildirmək mümkündür ki, süni intellektin tətbiqi ilə xidmət müddətinin qısaldılması və xarici dil tələbi kimi maneələrin azaldılması mümkündür.
Eyni zamanda dövlət qurumları tərəfindən hazırlanmış “chatbot”lar sayəsində vətəndaşlar xidmət haqqında birbaşa məlumatlandırıla və ya onlardan rəy alına bilər.
Dünya təcrübəsi…
Strateji və siyasi çatışmazlıqlara baxmayaraq, süni intellekt tədqiqatları xüsusilə inkişaf etmiş ölkələrdə diqqət çəkir. Amerika Birləşmiş Ştatları (ABŞ), Çin, Yaponiya, Almaniya, Hindistan, Fransa və Kanada süni intellekt tədqiqatları və patent müraciətlərində dünya liderləridir. ABŞ süni intellekt sahəsində dünya lideri olsa da, Çin tez bir zamanda ABŞ-ın yerini tutmağa çalışır və dünya liderliyini ələ keçirmək istəyir.
"PricewaterhouseCoopers" (PwC) tərəfindən hazırlanan süni intellektin qlobal təsirlərini ortaya qoyan hesabata görə, süni intellekt texnologiyaları 2030-cu ilə qədər qlobal iqtisadiyyata 15,7 trilyon dollar töhfə verəcək.
Araşdırmaya görə, ən böyük iqtisadi gəlirləri Çinin, daha sonra isə ABŞ və Kanadanın qazanacağı gözlənilir.
Bundan başqa qeyd edək ki, Almaniyanın bazar və istehlakçı dataları üzrə ixtisaslaşmış “Statista” şirkətinin araşdırmasına əsasən, süni intellektin təsiri ilə inkişaf etmiş ölkələrdə biznes məhsuldarlığı 2035-ci ilə qədər 40%-dək arta bilər.
Süni intellektin daha çox tətbiq ediliyi sahələr isə aşağıdakı cədvəldə əksini tapır:
Dünya təcrübəsində süni intellektin tətbiqindən danışmışkən, Hindistanın iki il əvvəl - epidemiya zamanı sosial məsafə və maskadan istifadə qaydalarına nəzarət etmək üçün dronlardan yararlanmasını xüsusi vurğulamaq lazımdır. Dronlardan istifadə zamanı məlumatların toplanması, məxfilik və kibertəhlükəsizliyə diqqət yetirilirdi. Yəni bir mexanizmlə ictimai maraqlara uyğun olan süni intellekt tətbiqi sayəsində həm ehtiyat tədbirləri, həm də yoxlamalar təmin edilib.
Bundan əlavə, Hindistan hökuməti “Telegram”da “chatboat” yaratmışdı. Hindistan əhalisi bu tətbiqlə koronavirusa yoluxduqları barədə hökumətə məlumat ötürə, eləcə də sual ünvanlayaraq epidemiya barədə məlumatlana bilirdirlər.
E-TİBB mobil tətbiqini yaratmaq
Demək olar ki, bütün dünya üçün səhiyyə sisteminin inkişaf etdirilməsi, şəxsi sağlamlıq məsələsi prioritetdir. Bu mənada ölkəmizdə də səhiyyə sisteminin xidmətlərindən faydalanmaq üçün inkişaf etmiş, çoxsahəli fəaliyyət xidmətləri göstərə bilən tətbiqin hazırlanmasına ehtiyac var.
Dəfələrlə insanların “məsləhətli”, “firma dərmanları yazmayan”, “bahalı olmayan” kimi tələblərlə həkim axtardığının şahidi olmuşuq. Burada məkan, zaman və digər məsələləri də qeyd etmək olar.
Bu mənada müxtəlif tibb xidmətləri göstərən səhiyyə müəssisələri, həkim mütəxəsislər barədə məlumatların olduğu bir tətbiq nə üçün yaradılmasın?
Bu tətbiqdə yer ala bilər:
Təmiz ətraf-mühit, yarana biləcək risklərin qarşısının alınması üçün tətbiq olunan süni intellekt sistemlərindən birinə isə ABŞ nümunəsi göstərə bilərik.
Belə ki, ABŞ-da isə dövlət sektorlarından birində tətbiq olunan xidmət növü də çox faydalı və ətraf-mühitin qorunması üçün unikal vasitələrdən biridir. Burada “Washington DC Water Works” kanalizasiyaları yoxlamaq üçün video süni intellektdən istifadə etməkdədir. Qeyd edək ki, ABŞ-da 700 mindən çox insan tullantı sularının etibarlı utilizasiyasında Kolumbiya Rayon Su və Kanalizasiya İdarəsinə etibar edir. Bu texnika ilə şəhərin infrastrukturunun 200 ildən çox yaşı olan, 3500 km uzunluğunda kanalizasiya borularını daimi nəzarətdə saxlamaq mümkündür. Sözügedən texnologiya əlavə xərcləri azaltmaq və texniki xidməti optimallaşdırmağa kömək edir.
Ümumiyyətlə, Azərbaycanda da belə bir mexanizmin tətbiq olunması labüddür. Xüsusilə su borularına nəzarət prizmasından müəyyən video-mexanizmin tətbiqi yaxşı olardı. Məsələn, əgər paytaxt Bakıda vurğuladığımız kimi izləmə cihazı olsaydı, bu yaxınlarda Yasamal ərazisində boru partlaması kimi xaos yaranmazdı. Hadisəni xaos olaraq vurğulamağa səbəb bu prosesin təkcə su itkisi və ətraf əraziyə müəyyən mənada ziyan verməsi ilə bağlı deyil. Yəni bir borunun partlaması ilə şəxsi nəqliyyatdan istifadə məhdudlaşdı və ictimai nəqliyyatın marşrutu dəyişdi...
Kaliforniya “Softbank Robotics” şirkəti isə “Pepper” kimi tanınan insanabənzər robot hazırlayıb və bu robot əsas insan duyğularını tanımaq qabiliyyətinə malik “emosiya mühərriki” ilə təchiz edilib. “Pepper” ondan çox dildə işləyə bilir və ünsiyyəti dəstəkləmək üçün sensor ekrana qoşulub.
“Softbank” həmçinin təhsil və tədqiqat mühitində istifadə oluna bilən “NAO” adlı ikiayaqlı robot, eləcə də kommersiya təmizliyini idarə etmək üçün “Whiz” adlı avtonom vakuum da hazırlayıb. Ölkəmizdə də müxtəlif dövlət müəssisələrində süni intellektə malik cihazların tətbiq edilməsi həm zaman itkisinin qarşısını ala bilərdi, həm də xarici dil problemini aradan qaldırmış olardı.
Sağlam ətraf-mühit…
Bu ilin avqust ayında Azərbaycanın Şimal-Qərb bölgəsində meşəlik və dağlıq ərazilərdə ard-arda bir sıra yanğınların baş verməsi təbiətə ciddi mənada ziyan vurdu. Dəyən ziyanın həcmindən asılı olmayaraq oksigen fonduna hər hansı formada zərbənin vurulması xoşagələn durum deyil. Bu səbəblə meşələrimizi qorumaq üçün aidiyyatı dövlət strukturları tərəfindən yanğını əvvəlcədən müəyyən edə bilən sistemlərin qurulması zərurət halındadır.
Belə bir sistemin qurulmasına nümunə olaraq Kaliforniyanı göstərə bilərik. Belə ki, 2018-ci ildə Kaliforniyada yaşayan 14 yaşlı Ryan Honari yaşadığı bölgədə tez-tez rastlaşdığı meşə yanğınlarının qarşısının alınması üçün süni intellekdən istifadə etmək qərarına gəlib. Beləliklə o, 2 il ərzində "SensoRy AI" adlı sistem yaradıb. Bu simsiz şəbəkəli sensor sistemi meşə yanğınları riskinin yüksək olacağı ərazilərə yerləşdirilməsi üçün nəzərdə tutulub. Sözügedən sistem mini meteoroloji stansiyalar və yanğın detektorlarından ibarətdir. Mini meteoroloji stansiyanın ətrafında bir-biri ilə əlaqə saxlamaq üçün kifayət qədər yaxın olan sensor sistemləri yanğınları aşkar edir. O, bu məlumatları mini hava stansiyasına, sonra isə “Javascript”dən istifadə edərək proqrama ötürür.
Bu rabitə şəbəkəsini yaratmaq üçün detektorlar 30-40 metr intervalla yerləşdirilir. Sistem öz şəbəkəsindən istifadə edir, ona görə də onun ətrafında vayfay sisteminə ehtiyac yoxdur. İstehsal dəyərinin yüksək olmaması və məhsulların hər bölgədə asanlıqla əldə edilməsi layihənin əlçatanlığını və tətbiqini artırıb. Beləliklə bu sistem kiçik alovlanmlar olduqda əsas sistemə məlumat ötürür və bu da yarana biləcək böyük yanğınların qarşısını alır. Ümumiyyətlə, meşə yanğınlarını əvvəlcədən proqnozlaşdırmaq üçün dünya təcrübəsində bu kimi bir neçə süni intellektə əsaslanana mexanizm mövcuddur. Ölkəmizdə də bu tip sistemlərin tətbiqi yarana biləcək böyük və kiçik təhlükələrin qarşısını ala bilər.
Süni intellektin bu günü və sabahı barədə bizimlə həmsöhbət olan süni intellekt üzrə türkiyəli mütəxəssis Oğuzhan Yüce hazırda sözügedən texnologiyanın daha yaxşı qərarlar qəbul etməyə gətirib çıxardığını deyib. O, süni intellekt nəzəriyyəsinin zəif və güclü inkişaf etdiyi sahələrdən söz açıb:
"Süni intellekt əsasən insan zəkasının işini yerinə yetirməyi hədəfləyən bir kompüter sahəsi kimi qəbul edilə bilər. Oyun nəzəriyyəsi və maşın öyrənmə alqoritmləri onun altyazıları arasındadır. Son illərdə bu sektorda dərin öyrənmə üsulları çox populyardır.
Süni intellekt fərqli inkişaf səviyyələrində müxtəlif sənaye sahələrinə nüfuz etmişdir. Məsələn, maliyyə və telekommunikasiya sahələrində inkişaf etmiş şəkildə xidmət göstərən süni intellekt modellərini görə bilsək də, enerji və ya kimya sektorlarında inkişaf səviyyəsinin daha az olduğunu görürük. Bunun enerji və kimya sektorlarının proseslərə nəzarət işlərinin sıx olduğu bir sektor olması ilə əlaqədar olduğu qiymətləndirilə bilər. Süni intellekt alqoritmlərinin tətbiq olunduğu avtomobil sənayesində çalışanların nümunələrini də görürük. Süni intellekt üsullarının siqnal emalı və kompüter görmə sahələrində tətbiqini nümunələr əsasında izləyə bilirik. Məsələn, süni intellektin nəqliyyat sistemlərində təhlükəsizlik məqsədləri üçün insan tanıma, obyekt izləmə və ya nömrə nişanının tanınması kimi istifadə formaları mövcuddur.
Bu gün bu alqoritmlər banklarda fırıldaqçılığın aşkarlanması ilə bərabər, kredit məbləğinin hesablanmasına qədər bir çox yerdə istifadə olunur. Tibbi sistemlərdə bu, infarkt riskinizin təxminindən tutmuş şişin aşkarlanmasına qədər bir çox tətbiqdə istifadə edilməkdədir.
Süni intellekt insan zəkasının gördüyü işləri yerinə yetirməyi hədəfləsə də, o, insanların verdiyi qərarları dəstəkləmək üçün sistemlər və mexanizmlər təklif edir və beləliklə, daha yaxşı qərarlar qəbul etməyə kömək edir".
Robotlaşma gedir...İnsanlar işsiz qalacaq?
Türkiyəli mütəxəssisin sözlərinə görə, yeni texnologiyalar, süni intellektin tətbiqi insanları işsiz qoymağa yox, bizi yeni cəmiyyətə alışdırmağa hesablanıb:
"Çox vaxt süni intellektdən söz düşəndə "insanları işsiz qoyacaq" kimi qorxu arqumentləri ortaya çıxır. Peşələr dövrün şərtlərinə, tələblərinə uyğun olaraq yoxa çıxa, dəyişə və ya çevrilə bilər. Süni intellekt kimi kəskin təsirləri olan sahələr genişləndikcə, bir sıra peşə növləri də bundan təsir görə bilər. Lakin yeni iş mexanizmləri ortaya çıxdıqda bunun paralelində yeni peşə növləri yaranacaq və insanlar özlərini fərqli sahələrdə inkişaf etdirə biləcəklər.
Təbii ki, süni intellektin müsbət xüsusiyyətləri ilə yanaşı, narahatlığa səbəb olacaq bəzi tərəfləri də var. Süni intellekt modellərinin davranışını izah etmək və proqnozlaşdıra bilmək çox vacibdir. Maşın öyrənmə modeli hansı fərziyyələrlə hansı proqnozları verir və hansı meyllərə malik ola bilər, bunlar diqqətlə araşdırılmalı olan məsələlərdir. Məsələn, məlumatların təhlili diqqətlə aparılmayan bəzi hallarda irqçiliyə bənzər nəticələr verə bilən və meyilləri olan modellər təqdim etmək mümkündür. Ona görə də etik həssaslıqlar hər zaman diqqətdə saxlanılmalıdır. Bu vəziyyətin başqa bir nümunəsi kimi kişilərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə ümumi mətnlərdən bir model hazırladığınız zaman modelin proqnozları kimi, nəticələrinin də kişilərin üstünlük təşkil etdiyi xüsusiyyətləri göstərə biləcəyini deyə bilərik.
Təhlükəsiz süni intellekt və izah edilə bilən süni intellekt müxtəlif cəmiyyətlərin gündəmində olan və belə nümunələrin baş verməməsi üçün ədəbiyyatda öyrənilən mövzulardandır. Bundan əlavə, kibernetika sahəsi belə sistemlərin idarə olunmasında mühüm rol oynayır".
Müsahibimiz süni intellektin daim inkişafda olacağını, cəmiyyətin fərqli nöqtələrə çatacağını qeyd edib. Oğuzhan Yüce hazırkı iqtisadi vəziyyətin inkişaf texnologiyalarına əngəl yaratmadığını sözlərinə əlavə edib.
"Süni intellektlə əlaqəli texnologiyalar, şübhəsiz ki, inkişaf edəcək. Süni intellekt texnologiyalarının bu gün çatdığı nöqtəyə çatmağının ən mühüm amillərindən biri, videokartlar kimi hesablama aparatlarının tədqiqatçıların çata biləcəyi iqtisadi səviyyəyə endirilməsidir. Buna görə hesablama üsulları və hesablana bilən aparat dizaynları sahəsindəki inkişaflar süni intellekt sahəsinə də təsir edəcək. Bu mənada kvant kompüterlərinin təsiri süni intellekt alqoritmlərinin daha bacarıqlı nöqtələrə çatmasına səbəb ola bilər",- deyə türkiyəli mütəxəssis qeyd edib.
Son olaraq insanlıq adına yaradılmış və yaradılmaqda olan bütün süni intellekt texnologiyalarının yalnız sülhə xidmət etməsini, dünya üçün yalnız faydalı işlər görməsini arzu edirik….
Əzizə Zeynal
Qeyd: Yazı “Rəqəmsal Jurnalistikaya doğru 4” proqramının müsabiqə mərhələsi üçün hazırlanıb.