Fazil Məmmədovun sona qədər qoruduğu "kripto komandası" - ADLAR
Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədov vəfatı onun nazirlik fəaliyyəti və idarəçilikdə rəsmi və ya qeyri-rəsmi rol verdiyi gizli komandası haqda müzakirələri aktuallaşdırıb.
29 yaşında Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat alan, 36 yaşından isə Vergilər Nazirliyinə rəhbər təyin edilən Fazil Məmmədov və onun komandası ölkə mətbuatı üçün həmişə maraqlı mövzulardan sayılıb.
Sfera.az bu marağı nəzərə alaraq mövzuyla bağlı araşdırma aparıb.
Məlumat üçün bildirək ki, Fazil Məmmədov 17 il nazir kreslosunda əyləşməyi bacaran məmurlardan olub. Onun adı ara-sıra müxtəlif qalmaqallarda hallansa da, ümumilikdə müsbət reputasiyalı məmurlardan sayılıb. Kurasiyasında olan Şəmkir, Binəqədi kimi rayonların inkişafında mühüm rol oynayan sabiq nazir eyni zamanda gənclərin təhsilinə, aztəminatlı ailələrin sosial müdafiəsinə diqqət göstərməsi ilə yadda qalıb. Bəlkə də onun daşıdığı vəzifədə uzun illər öz toxunulmazlığını qoruyub saxlaması ictimai rəydəki müsbət reputasiyası ilə bağlı olub.
Bütün bunlara baxmayaraq, onun idarəçilikdə yanlış seçimlər etməsi və buna görə də sərt tənqidlərə tuş gəlməsi acı reallıqdır. Bəs həmin şəxslər kim idi və hansı sahələrə nəzarət edirdilər?
Aydın məsələdir ki, həm nazir kimi fəaliyyətində, həm də xaricdəki və ölkədəki biznesinin idarə olunmasında Fazil Məmmədova etibarlı və mütəşəkkil komanda lazım idi. Bəs, onlar kimdir? Fazil Məmmədovun güvəndiyi, sərvətinin idarəçiliyini tapşırdığı şəxslər haqda nə bilirik? Beləliklə, gəlin onlarla tanış olaq:
Qafar Qurbanov - Fazil Məmmədovun keçmiş köməkçisi və qara kassası. Bu şəxs sabiq nazirin ən çox güvəndiyi şəxslərdən biri olub. Görünür, elə buna görə də o, Fazil Məmmədovun xaricdəki bütün aktivlərini idarə etmək kimi məsuliyyətli bir vəzifə ilə görəvləndirilib. Qafar Qurbanov "Atabank" Müşahidə Şurasının üzvü olmuşdur.
Hələ Nazirin köməkçisi olduğu zamanlarda Qafar Qurbanov əslində Bakıda "kölgə vergilər naziri" kimi dəbdəbəli həyat sürürdü.
Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlara sahib idi. Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri isə Vergilər nazirliyi əməkdaşlarının geniş müzakirə etdiyi mövzulardan olub. Axı Vergilər Naziri köməkçisinin Londonda nə işi ola bilərdi?
Əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovu Londona bağlayan tellər isə çox “incə” imiş. Belə ki, o, dəyəri milyardla ölçülən vəsaitin Londona ötürülməsi və burada “yuyulmasına” məsul imiş.
Qafar Qurbanovun London şirkətlərindən biri Triangle LTD-dir. Qurbanovun öz tapşırıqlarını verdiyi güvənilən adamı isə köməkçisi Səbinə Şükürovadır (indiki familiyası Sabina Derdiyok). Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı “Ataholdinq”in əməkdaşıdır.
Qafar Qurbanov xaricdəki aktivlərin idarə edilməsindən həm qazandırıb, həm də özü kifayət qədər böyük məbləğlərlə ifadə olunan gəlir əldə edib. Görünür, elə bunun nəticəsidir ki, onun həyat yoldaşı Səbinə Qurbanova Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan sonra Harrods-un ən loyal daimi müştərisi hesab olunur.
Fazil Məmmədovun topdağıtmaz sərvətinin idarəçilərindən biri isə Qafar Qurbanovun qardaşı Samir Qurbanov olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” (qeyri-rəsmi maaş) alırmış.
Hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzlərinin daimi müştərilərindəndir.
Qeyri-rəsmi idarəçilik iyerarxiyasındakı mühüm adlardan biri də Riyad Hüseynovdur. Qafar Qurbanovun bibisi oğlu olan bu şəxs həm də sabiq nazirin müşaviri və “sağ əli” hesab olunub. Onu həm də bütün batmış bizneslərin müəllifi də adlandırırlar. Fazil Məmmədovun bütün kadr siyasəti Riyad Hüseynov üzərindən həyata keçirilib. Qafar Qurbanov beynəlxalq axtarışa veriləndən sonra Riyad Hüseynov müəmmalı şəkildə araşdırmalardan yayına bilib.
Riyad Hüseynovun qardaşı Fərid Hüseynov da “parlaq simalar”dan hesab edilir. Onun əsasən keçmiş nazir Fazil Məmmədovun biznes səltənətinə daxil olan və Türkiyədə fəaliyyət göstərən şirkətləri idarə etdiyi deyilir.
Fazil Məmmədov artıq həyatda yoxdur. Onun nazir kimi fəaliyyətinə pisi və yaxşısı ilə dövlət qiymət verib. Odur ki, bu haqda geniş müzakirələr açmadan yalnız bir məqamı qabartmaq istərdik. Onun inandığı və yüksək səlahiyyətlər verdiyi adıçəkilən şəxslərin adları dövlətin külli miqdarda vəsaitini mənimsəyərək xaricə daşımaları haqda indiyə qədər təkzib olunmayan informasiyalar ciddi şəkildə araşdırılmalı və bu əməllərə hüquqi qiymət verilməlidir.
Orxan
Sfera.az