Rasim Məmmədovla hakim arasında mübahisə - Məhkəmədə QALMAQAL

Rasim Məmmədovla hakim arasında mübahisə - Məhkəmədə QALMAQAL

Hakim: "Siz məhkəmə ilə bu tonda danışa bilməzsiz”

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib. Vəkil ilkin olaraq Rasim Məmmədovun dəmir qəfəsdə yox, vəkilləri ilə yanaşı əyləşməsini istəyib. Vəkil bildirib ki, hazırda iş üzrə sənədlər araşdırılır, Rasim Məmmədovla məsləhətləşmələrə ehtiyac var.

 

Zibeydə Sadıqova deyib ki, bu günə kimi 19 məhkəmə iclası keçirilib, həmin məhkəmə iclaslarının protokolları ilə tanış olmayıblar. Vəkil həmin iclas protokollarının onlara verilməsini istəyib. Vəkil həmçinin prosesin audio yazı ilə aparılması barədə də vəsatət verib.

 

Hakim isə vəsatətləri müzakirəyə çıxarmadan təmin etməyib. Bunu belə əsaslandırıb ki, bu vəsatətlər əvvəllər də verilib, dəfələrlə müzakirə olunub.

 

Daha sonra müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunan Tamara Seyidxanaova ifadə verib. O bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-cu ildə "Röyal Sity" MMC yaradıb, həmin il 6 ay fəaliyyət göstərib: "Metal qırıntılarının alınması təşkil olundu. Bundan isə mənim xəbərim olmayıb. Mən yalnız şirkətin hesabatlarını vermişəm. Çingiz Həsənov mənə zəng edib, görülən işlərlə bağlı rəqəmlər deyib. Mən də həmin rəqəmlər əsasında hesabatlar vermişəm. Ortalıqda heç bir pul olmayıb. Şirkət 5-6 ay işləyib, sonra isə fəaliyyətini dayandırıb".

 

Rasim Məmmədov isə şahidə istintaq sənədlərində şirkətin 1 milyon 200 min manat qazancı olması barədə yazıldığını deyib və bu miqdarda qazancın olub-olmadığını soruşub. Şahid də belə bir məbləğdə qazancın olmadığını deyib.

 

Daha sonra iş üzrə yoxlama aparan auditor Səftar Vəlizadə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ifadə verib. O bildirib ki, "Bakı Steel" və "Röyal Sity"də yoxlamalar aparıblar, araşdırdıqları sənədlər əsasında maliyyə çatışmazlığı aşkar ediblər. Onun sözlərinə görə, şirkətlərdə faktura-qaimələrdə, vergi bəyannamələrində uyğunsuzluq aşkar ediblər.

 

Şahid deyib ki, 2012-ci ilin yanvar ayında "Röyal Sity"də 25 min ton metal alınıb, bunun da müqabilində 1 milyon 200 min manat qazanc olub. Şahid bildirib ki, qiyməti şişirtməklə 25 min ton metal qalığı alınması ilə bu qədər qazanc ola bilər.

 

Rasim Məmmədov isə deyib ki, "Röyal Sity" MMC-də heç bir qazanc olmayıb. Onun sözlərinə görə, MMC ziyanla işləyib və bu qədər qazancın olması barədə iddia əsasızdır.

 

Bu zaman Rasim Məmmədov izahatında hakimlərə müraciət edib və deyib ki, izah verirəm, anlayasız. Rasim Məmmədovun izahatında dəfələrlə "Hörmətli hakimlər izah edirəm ki, anlayasız" "mən deyirəm ki, başa düşəsiz" ifadələrini işlətməsi hakimin etirazına səbəb olub.

 

Hakim:

 

-Siz sərhədləri aşırsız. Məhkəmə ilə danışmaq qaydası var. Məhkəməyə hörmətsizlik edirsiz.

 

Rasim Məmmədov:

 

-Mən hörmətsizlik etmirəm.

 

Hakim:

 

- Hörmətsizlik edirsiz.

 

Daha sonra hakim prosesdə fasilə elan edib. Bir qədər sonra zala qayıdan hakimlər prosesi davam etdiriblər. Şahid Səftar Vəlizadə tərəflərin suallarını cavablandırıb.

 

Bu zaman Rasim Məmmədov deyib ki, o, sual verəndə hakim əsəbləşir.

 

Hakim:

 

- Burada heç kim əsəbiləşmir. Siz hörmətsizlik edirsiz.

 

Rasim Məmmədov:

 

- Mən heç vaxt hörmətsizlik etməmişəm.

 

Hakim Novruz Kərimov:

 

- “Anlayırsız” ifadəsi məhkəməyə hörmətsizlikdir. Məhkəmədə olanlar anlayanlardır ki, burada oturublar. Siz məhkəməyə belə ifadə işlədə bilməzsiz. Siz sərhədləri aşırsız. Siz ancaq nəyisə məhkəmədən xahiş edə bilərsiz. Bu tonda danışa bilməzsiz.

 

Rasim Məmmədov:

 

- Xətrinizə dəydimsə, üzr istəyərəm.

 

Daha sonra şahid Səftar Vəlizadə audit yoxlamalarından danışıb. Rasim Məmmədov isə onun dediklərini təkzib edib. Deyib ki, audit yoxlaması zamanı rəqəmlər şişirdilib.

 

Növbəti proses noyabrın 11-də davam edəcək.

 

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

 

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

 

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

 

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.

 

Musavat.com


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...