Zelenskinin hansı sözü Baydeni özündən çıxarıb? – Telefon söhbətinin detalları

ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Zelenski arasında iyun ayında baş tutmuş telefon danışığının detalları mətbuata sızıb.
Sfera.az bildirir ki, bu haqda “NBC News” məlumat yayıb. Həmin telefon söhbətində Bayden Zelenskiyə Ukraynaya 1 milyard dollarlıq ABŞ hərbi yardımına “yaşıl işığın” yandırıldığını deyib. Lakin həmin anda Ukrayna lideri onun sözünü kəsib və ehtiyac duyduğu, amma ala bilmədiyi bütün əlavə yardımların siyahısını sadalamağa başlayıb. Bu isə Ağ Ev rəhbərini çox qəzəbləndirib və o, Zelenskiyə bir qədər minnətdar davranmağın lazımlılığından bəhs edib.
“NBC News”un Ağ Evdəki anonim mənbələrə əsaslanan yazısına əsasən, Bayden Zelenskiyə qəzəbli tonda bunları deyib: “Amerika xalqı və hökuməti çox səxavətlidir. ABŞ ordusu Ukraynaya kömək etmək üçün kifayət qədər çalışır”.
Mətbu orqan həmçinin qeyd edib ki, bu telefon danışığından sonra Vladimir Zelenski ABŞ-a göstərilən yardıma görə açıq şəkildə təşəkkür edib və iki ölkə liderləri arasında münasibətlər yaxşılaşıb.
Qeyd edək ki, sözügedən danışıq iyunun 15-də baş tutub.
Günay Rəsulqızı