Manat ucuzlaşa bilərmi? – Deputat AÇIQLADI

Sabah ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı yeni qərar açıqlayacağı gözlənilir. Artıq qlobal birjalar da FED-in potensial addımına reaksiya verirlər.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq, FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir. Millət vəkili həmçinin, baş verənlər proseslər fonunda Azərbaycanda dolların bahalaşma, manatın ucuzlaşma ehtimalından söz açıb:
“Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu, milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”.
V.Bayramov qeyd edib ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır:
“Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Türkan