Azərbaycanın köhnələn avtomobil parkı hansı problemləri yaradır? - Araşdırma
Azərbaycanın avtomobil parkı köhnəlir, ətraf mühitə atılan zərərli maddələrin miqdarı artır
Azərbaycanda 2021-ci ilin nəticələrinə əsasən minik avtomobillərinin 80 faizindən çoxu köhnədir (istehsalından 10 il ötən avtomobillər – red.). Acınacaqlı fakt ondan ibarətdir ki, köhnə avtomobillərin sayı və xüsusi çəkisi hər il azalmaq əvəzinə, bir qədər də artır. Köhnə avtomobillərin sayının artması isə atmosferə daha çox zərərli maddələrin atılmasına səbəb olur.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə minik avtomobillərinin sayı 84,7 min ədəddən çox artaraq 1,35 milyon ədədə çatıb. Avtomobillərin 1,082 milyon ədədinin istehsal tarixi 10 il və daha çoxdur. Belə avtomobillərin sayı bir ildə 89 min ədəd artıb.
2018-ci illə müqayisə etdikdə görürük ki, köhnə minik avtomobillərinin sayı və xüsusi çəkisi xeyli artıb. Dörd il əvvəl köhnə avtomobillərin sayı 896 min ədəd olub (186 min ədəd az). Bu, bütün minik avtomobillərinin 76 faizini təşkil edirdi.
Köhnə minik avtomobillərinin sayının artması onunla izah edilir ki, ölkəmizə idxal edilən avtomobillərin çox hissəsinin istehsal tarixi 10 ildən çoxdur, həmçinin ili olduqca köhnə olan avtomobillərin əksəriyyəti dövriyyədən çıxarılmır. Bu vəziyyətdə Azərbaycanda avtomobil parkının köhnəlməsi davam edir.
Statistikaya əsasən eyni vəziyyət avtobus və yük avtomobilləri parkında da müşahidə olunur. Avtobusların 86 faizi, yük avtomillərinin 90 faizi köhnədir.
Minik avtomobilləri ilə avtobusların köhnə olması ekologiyaya daha çox zərər verir. Çünki bu nəqliyyat vasitələri daha çox istifadə olunur, eyni zamanda köhnə avtomobillər həm də texnoloji baxımdan köhnə olduğundan ekologiyaya daha çox zərərli maddə atır.
Köhnə avtomobillərdə ətraf mühitə atılan zərərli maddələrin miqdarı olduqca çoxdur. Aparılan hesablamalara görə daxili yanma mühərriki ilə təmin edilən avtomobillərin yandırdığı bir ton yanacağa görə ətrafa 800 kq-a qədər zərərli maddə atılır. Atılan maddələr arasında müxtəlif növ zərərli qazlar olur.
Müəyyən edilib ki, avtomobillərdən havaya 300 qədər zərərli kimyəvi maddə və birləşmələr atılır. Azot oksidləri, formaldehidlər, benzol, kükürd dioksidi, benzopiren və s. onlardan bir neçəsidir. Buradan göründüyü kimi, avtomobil təkcə ən təcili nəqliyyat növü deyil, onlar həm də zərərli emissiya mənbəyidir.
Rəsmi məlumatlara əsasən, Azərbaycanda bir ildə avtomobillərdən atmosfer havasına 945,2 min ton çirkləndirici maddə atılıb. Bu, atmosfer havasına atılan cəmi zərərli maddələrin 84 faizindən çoxunu təşkil edir.
Azərbaycan hökuməti köhnə avtomobillərin idxalının çətinləşdirilməsi üçün davamlı tədbirlər görür. Bu məqsədlə ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına fiskal dəstək verilir. 2022-ci ildən Vergi Məcəlləsinə edilən dəyişiklik də eyni məqsədi daşıyır.
Azərbaycanın avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edildi. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olundu.
Xatırladaq ki, bu güzəştlər ekoloji təmiz avtomobillərin idxalının dəstəklənməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın tələblərindən biridir. Proqrama əsasən ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə stimullaşdırılmalı, bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməlidir. Bununla yanaşı, dövlət başçısının 2021-ci il 2 fevral tarixli sərəncamına uyğun olaraq "təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi" növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri kimi təsdiq edilib.
Köhnə avtomobillərlə bağlı digər mühüm məsələ onların utilizasiyasıdır. Yuxarıda adı çəkilən proqram vasitəsilə əvvəlki illərdə idxal edilən, lakin artıq köhnələn avtomobillərin istifadədən çıxarılmalıdır. Təəssüflər olsun ki, proqramda nəzərdə tutulan bu hissə hələ də həyata keçirilməyib.
Beləliklə, mövcud vəziyyətin təhlili göstərir ki, Azərbaycanda avtomobil parkı yenilənməsə və elektrik, hibrid avtomobillərin istifadəsi artmasa, gələcəkdə köhnə avtomobillərin sayı, xüsusi çəkisində artım davam edəcək və buna görə də atmosferə atılan zərərli maddələr bir qədər də artacaq.
Vasif CƏFƏROV
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: ekologiya və ətraf mühitin mühafizəsi;