“Vaşinqton variantı”nda nələr var? – Putin Paşinyanı hədəfə gətirdi, Bakıya əsl üzünü göstərdi

Rusiya Prezidenti Vladimir Putin Valday klubunun toplantısında Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına dair açıqlamalar verib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Putinin söylədikləri fonunda həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan "Vaşinqton variantı"nın mövcud olduğunu demək olar:
“Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz - ermənilər, bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi..." . Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır”.
Ekspert qeyd edib ki, Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur:
“O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik. İndi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin tanınmasını ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq. Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək. Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar”.
Günay Rəsulqızı