Azərbaycan İranın beşinci kolonunu məğlub etməyə hazırlaşır - SON 10 GÜN...

Qarşıdakı 10 gün ərzində Azərbaycanda İran kəşfiyyat şəbəkəsi məğlubiyyətə uğradılacaq. Bu addım İranın açıq-aşkar düşmənçilik hərəkətlərinə cavab olacaq.
Sfera.az “Caliber.az”-a istinadən xəbər verir ki, bu barədə AZfront teleqram kanalı məlumat yayıb.
Teleqram kanalının məlumatına görə, yaxın bir həftə ərzində İranın tank və motoatıcı birləşmələri cəlb etməklə Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirməsi, bu təlimlərdə Azərbaycan sərhədinin keçilməsinin “səhnələşdirilməsi”, Naxçıvan Muxtar Respublikasının ilhaqı üçün İranda hakimiyyətə yaxın olan təbliğatçıların iştirakı ilə media kampaniyasının aparılması, Zəngəzur dəhlizi layihəsini həyata keçirmək planları ilə əlaqədar İran rəsmilərinin Azərbaycana qarşı təhdidləri düşmənçilik hərəkətlərinin əlamətləridir.
Bundan başqa İran xarici işlər nazirinin ötən həftə İrəvana səfəri və onun iştirakı ilə Azərbaycanın sərhədi yaxınlığında İranın Baş Konsulluğunun açılması, açılış zamanı verdiyi bəyanatlar, İranda yaşayan etnik azərbaycanlılara qarşı çoxsaylı qurbanlarla müşayiət olunan kütləvi repressiyaların həyata keçirilməsi də İranın Azərbaycana münasibətinin nədən ibarət olduğunu göstərir.
Vasif,
Sfera.az