“Oktyabrın son günlərində...” – Əliyevlə Paşinyan Soçidə görüşəcək?

“Oktyabrın son günlərində...” – Əliyevlə Paşinyan Soçidə görüşəcək?

“Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər”.

 

Bu barədə  ötən gün “Vedomosti” məlumat yayıb. Qeyd olunub ki, danışıqlar oktyabrın son günlərində baş tuta bilər. Görüş yeri kimi Moskva və Soçi şəhərlərinin adları hallanır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki,  bu barədə məlumatı “TASS” agentliyi Xarici İşlər Nazirliyinin diplomatına istinadən yayıb və deyilənə görə, həmin diplomat Mariya Zaxarovadır:

 

“Lakin oktyabr ayının sonunda Ermənistan Baş naziri və Azərbaycan prezidentinin görüşünün keçirilməsi barədə məlumat rəsmən təsdiqlənmədiyi müddətdə bu, ehtimal olaraq qalacaq. Digər tərəfdən, son zamanlar baş tutan görüşlərdən sonra nəticələrə uyğun hər hansı addım atılmayıb. Düzdür, Azərbaycan prezidenti Ermənistan tərəfinə xəbərdarlıq edib, ilin sonuna kimi onların təklifləri qəbul edəcəyi halda, sülh müqaviləsinin imzalanacağını deyib. Rusiyanın isə Cənubi Qafqazda dominantlığını əldən verməmək, o cümlədən Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının götürdüyü mediatorluq rolunu  qaytarmaq üçün növbəti addım kimi görüş keçirməsi mümkündür”.

 

Müsahibimiz bildirib ki, Ukrayna savaşında əzilən Rusiya bölgədə hegemonluğunu itirmək istəmir  və Avropa İttifaqına qarşı savaşır:

 

“Son baş verən hadisələr, Ermənistanın ətrafında cərəyan edən proseslər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı fikir mübadiləsi də nəzərə alınmalıdır. Rusiya öz nəzarətində olan dəhlizin açılmasını istəyir. Ona görə də prosesləri izləməliyik. Görüş olacaqsa belə, əvvəlkilərdən qismən nəyləsə fərqlənə bilər, amma ümumilikdə bu, Avropa İttifaqına qarşı hesablanıb”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR