“Moskva artıq məğlubiyyətə yaxınlaşdığını anlayır” - Açıqlama

“Moskva artıq məğlubiyyətə yaxınlaşdığını anlayır” - Açıqlama

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərində “çirkli bomba”dan istifadə etdiyini bildirib. Ukrayna rəsmiləri bu iddiaları rədd ediblər. Həmçinin ABŞ dövlət katibi Entoni Blinken də bunu real hesab etmədiyini deyib.

 

Digər tərəfdən, son günlər Şoyqu ABŞ, Böyük Britaniya və Türkiyədən olan həmkarları ilə intensiv telefon danışıqları aparır. Qeyd olunur ki, bu danışıqların əsas mövzusu da məhz “çirkli bomba”dır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynanın sözügedən silahlardan istifadə etmədiyini kimsə əminliklə deyə bilməz:

 

“Bəlkə də, elə ABŞ və müttəfiqləri “çirkli bombaları” Kiyevə ötürürlər. Lakin daha real versiya başqadır. Ola bilsin, Moskva artıq işinin çətinləşdiyini, məğlubiyyətə yaxınlaşdığını anlayır. Ona görə də “çirkli bomba” iddiası ilə təmaslar aparır, konsesusa cəhd edir. Ukraynanın müdafiə naziri Oliksiy Reznikov işğal olunmuş ərazilərə monitorinq missiyasının göndərilməsini təklif edib. O, Kiyevin buna hazır olduğunu bildirib. İndiki halda ərazilərə beynəlxalq müşahidəçilərin göndərilməsi Qərbin və Ukraynanın maraqlarına uyğundur. Rusiya üçün isə bu, arzuolunan deyil. Yəqin ki, Moskva monitorinq missiyasının işğal edilmiş ərazilərə gəlməsi ehtimalına etiraz edəcək və bunun qarşısını almağa çalışacaq. Güman ki, işğal edilmiş ərazilərə monitorinq missiyasının yerləşməsi barədə təşəbbüslər, fikirlər davam edəcək”.

 

Müsahibimiz qeyd edib ki, yaxın gələcəkdə ayrı- ayrı Qərb liderlərindən, beynəlxalq təşkilat rəhbərlərindən də bu fikirləri eşitmək olar:

 

“Böyük ehtimalla, Reznikovun müşahidəçiləri əraziyə dəvət etməsi məhz Şoyqunun sözügedən iddiaları ilə bağlıdır. Ola bilsin, rəsmi Kiyev bu yolla ittihamların sadəcə böhtan olduğunu təsdiqləmək niyyətindədir. Lakin sözügedən missiyanın Ukraynaya yerləşməsi həm də gələcəkdə bu ölkənin parçalanmasına zəmin yaratmaq təşəbbüsü də ola bilər. Doğrudur, missiyanın Ukraynaya gedib- getməyəcəyi və ya konkret olaraq harada yerləşəcəyi hələ ki, dəqiq açıqlanmayıb. Amma əgər bu baş tutarsa, Qərblə Rusiya arasındakı gərginlik daha da dərinləşəcək. Ukraynaya göndəriləcəyi təqdirdə missiyanın oradakı fəaliyyətinin nə qədər davam edəcəyi məlum deyil. Amma hiss olunur ki, Qərb Şərqi Avropada “Cənubi Qafqaz ssenarisi”ni təkrarlamaq istəyir. Bu, ABŞ və müttəfiqlərinin regiondakı maraqları ilə bağlıdır. Əgər belədirsə, deməli, gələcəkdə Ukraynanın parçalanması artıq utopiya deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR