Ermənistanla sülh sazişinə alternativ nədir?  - MÜMKÜN VARİANTLAR

Ermənistanla sülh sazişinə alternativ nədir?  - MÜMKÜN VARİANTLAR

“ABŞ, Fransa və dəstək qrupları Avropa İttifaqı prezidentinin vasitəçilik missiyasını gözdən salmaq üçün əllərindən gələni etdilər. Beləliklə, Qərb uzunmüddətli sülh istəməyən Rusiya və İranla eyni səviyyəyə endi”.


Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə Qərbdən gələn maneələri şərh edərkən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib. 


F.Məmmədov qeyd edib ki, Fransa prezidentinin son bəyanatları, Avropa İttifaqının missiyasına Azərbaycanla bir araya sığmayan əlavə funksiyalar verilməsi, Fransa Senatının gözlənilən qərarı, konqressmen Frenk Palonenin Qarabağla bağlı açıqlamaları Qərbin Azərbaycanla Ermənistan arasında tam bir anlaşma istəmədiyini deməyə vadar edir. 


Politoloq mövcud vəziyyətdən çıxmağın alternativlərinin olduğunu da bildirib: 


“Laçında nəzarət məntəqəsi qoyulmalı və Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağdan çıxarılmalıdır. Ardınca isə hərbi infrastrukturun və canlı qüvvənin məhv edilməsi ilə bağlı ultimatum verilməlidir. Əks təqdirdə görək bu dəfə tabutlar hara gedir. Bu, Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda olduğuna sübut olacaq.


Yerli ermənilər gedəcəkmi?

 

Bu, bizdə narahatçılıq yaratmamalıdır, bu, onların seçimidir. Kim istəsə, qalacaq, qalanları isə vətəndaşı olduqları ölkəyə gedəcək.


Bundan sonra artıq Ermənistan silahlı qüvvələri olmadan, hətta Zimbabvenin vasitəçiliyi ilə Azərbaycan ərazisində və Laçındakı keçid məntəqəsi ilə Ermənistanla münasibətləri bərpa etmək mümkündür. Bu, üçtərəfli Bəyanat çərçivəsi olmayan yeni vəziyyət, yeni şərtlərdir”.

 

Politoloq Azərbaycana bəzi Qərb ölkələrindən sanksiyaların olması ehtimalından da danışıb:

 

“Sanksiya təhlükəsi ABŞ-dan, Fransadan gələ bilər. Avropa İttifaqından isə belə bir təhlükə görünmür, çünki orada sanksiya qərarına veto qoyacaq ölkələr var. Bəli, sanksiyalarla bağlı güclü “qoxu” gələcək, amma biz buna dözə bilərik. Lakin Qərb bilməlidir ki, sanksiyaların həyata keçirilməsi Qərbin Azərbaycanda tam rüsvay olmasına gətirib çıxaracaq”.


F.Məmmədov düşünür ki, Rusiyanın tədricən Qarabağdakı sülhməramlı fəaliyyəti də əhəmiyyətini itirəcək. Onun sözlərinə görə, bunun günahkarı Rusiyanın özüdür, çünki Rusiya öhdəliklərini yerinə yetirmir. 


Politoloq hesab edir ki, Azərbaycanın kifayət qədər alternativləri var və bu prosesdən yalnız Ermənistan zərər görəcək:

“Alternativ variant kimi Azərbaycan İran üzərindən Naxçıvana yol inşa edəcək və rəsmi Tehran sakitləşəcək. Azərbaycan Ermənistanla şərti sərhəddə əlverişli mövqelərdə qalacaq, Avropa İttifaqı, ATƏT və KTMT missiyaları oradakı mövqelər arasında dolaşmaqla məşğul olacaq, Avropa ölkələri bizim qazı almağı dayandırmayacaq. Qərbin Qarabağla bağlı təhdidlərindən xilas olmaq üçün Ermənistanla yeni şərtlərlə və yeni sərhəddə müşahidəçi missiyaları ilə sülh müqaviləsi üzrə danışıqları tədricən davam etdiririk.Ermənistan bütün bu müddət ərzində bağlı sərhədlərdə qalmaqda davam edir, onlar Rusiya, ABŞ və İranla münasibətlərini özləri həll edirlər”.


Vasif Cafarov,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR