“Mühüm mesajlar veriləcək...” – Ərdoğanın Zəngilan ziyarətindən gözləntilər

“Mühüm mesajlar veriləcək...” – Ərdoğanın Zəngilan ziyarətindən gözləntilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir. O, Zəngilan hava limanının açılışında iştirak edəcək.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusilə hava limanlarının açılışında iştirakı dünyaya verilən vacib mesajdır:

 

Türkiyə regionda sabitliyin qorunmasında əsaslı rol oynayır. Bölgədə xaos yaratmaq istəyən güclər bunu mütləq nəzərə almalı, nəinki Bakı, həm də Ankara ilə hesablaşmalıdır. Güman ki, dövlət başçıları çıxışlarında mühüm mesajlar veriləcək. Həmin ismarıclar xüsusilə Cənubi Qafqazdakı sülh və sabitliklə bağlı olacaq. Liderlərin Ermənistanla münasibətlər barədə danışması, onu təxribatlardan çəkinməyə, dialoqa çağırmaları gözləniləndir. Əlbəttə, həmişə olduğu kimi, digər tərəflər, o cümlədən Rusiya, İran da bu mesajlardan nəticə çıxarmalı olacaqlar”.

 

Müsahibimiz qeyd edib ki, Azərbaycanla Türkiyə arasında baş tutan qarşılıqlı səfərlər həm də Türk Dövlətləri Təşkilatının inkişafı, türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir:

 

“Artıq Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq qurumlardan birinə çevrilib. İntensivləşən təmaslar, həmçinin səfərlər nəticəsində bu təşkilatın daha da inkişaf edəcəyi, nüfuzunun artacağı şübhəsizdir. Bundan başqa, Ərdoğanın Qarabağa səfəri region ölkələri üçün nəzərdə tutulmuş altılıq platformasının formalaşmasına da mühüm töhfədir.  Beləliklə, bu günkü səfərlər eyni ilə əvvəlkilər kimi təkcə ikitərəfli və regional əlaqələr müstəvisində deyil, beynəlxalq münasibətlər kontekstində kifayət qədər əhəmiyyətlidir. Gələcəkdə belə səfərlərin daha da intensivləşəcəyini düşünmək olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR